Yaz aylarında bir çox insanda asqırma, burun axması, gözlərin qaşınması və halsızlıq kimi əlamətlər müşahidə olunur. Bəs bu hallar daha çox allergiya ilə bağlıdır, yoxsa qripə yoluxma baş verir? İnsanlar bu iki vəziyyəti necə ayırd edə bilərlər?Tibb eksperti, professor Adil Qeybulla Metbuat.az-a açıqlamasında bildirib ki, yaz fəsli gələndə bəzi xəstəliklərin aktivləşməsi müşahidə olunur. Həkimin sözlərinə görə, bu dövrdə orqanizmdə müəyyən hormonal oyanma, dəyişiklik və fəallaşma baş verir: “Bunun nəticəsində allergik xəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin və əsəb sistemi ilə bağlı bəzi problemlərin daha çox üzə çıxması nəzərə çarpır. Oxşar hallar müəyyən qədər payız fəslində də müşahidə edilə bilər. Gözün qaşınması, burunda qaşınma, asqırma və buna bənzər əlamətlər isə daha çox vazomotor rinit və allergik xəstəliklər üçün xarakterikdir. Yer kürəsi əhalisinin müəyyən bir qismi bu cür allergik problemlərdən əziyyət çəkir və bu hallar xüsusilə yaz aylarında daha çox özünü göstərir. Vazomotor rinit əksər hallarda müxtəlif allergenlərlə bağlı olur. Məsələn, bitkilərin tozcuqları, müxtəlif qoxular və digər amillər buna səbəb ola bilər ki, bu da yaz fəslində daha aktivləşir. Bundan əlavə, infeksion faktorlara bağlı qarışıq variantlar da mümkündür. Bu zaman adi yuxarı tənəffüs yollarının virus infeksiyaları da prosesin güclənməsinə təsir göstərə bilər”. A.Qeybulla qeyd edib ki, müxtəlif xroniki xəstəlikləri olan şəxslər yaz fəslinə keçid dövründə həkimlə məsləhətləşərək profilaktik məqsədlə bəzi dərman preparatlarını qəbul etməlidirlər. Bu, mümkün reaksiyaların və xəstəliklərin kəskinləşməsinin qarşısını almağa kömək edir: “Məsələn, allergiyası olan şəxslər həkim məsləhəti ilə allergiya əleyhinə dərmanlarını qəbul etməlidirlər. Mədə və ya onikibarmaq bağırsaq xorası olan xəstələr xəstəliyin fəallaşmaması üçün müvafiq dərmanlarını vaxtında qəbul etməlidirlər. Sinir sistemi ilə bağlı problemləri olan şəxslər də həkimlə məsləhətləşərək müalicə rejimini tənzimləməlidirlər”. Sevinc İbrahimzadə / Metbuat.az