Xorvatiya uzun fasilədən sonra məcburi hərbi xidməti yenidən tətbiq edib və yüzlərlə gənc hazırlığa çağırılıb.
Hafta.az xəbər verir ki, ölkədə məcburi hərbi xidmət 2008-ci ildə ləğv edilmişdi. İndi isə təhlükəsizlik mühitinin dəyişməsi fonunda xidmət bərpa olunub və ilk mərhələdə təxminən 800 gənc hərbi hazırlığa cəlb edilib.
Yeni qaydalara əsasən, çağırışçılar ölkənin müxtəlif hərbi hissələrində iki ay davam edən ilkin hərbi hazırlıq keçəcəklər. Təlim proqramına klassik hərbi hazırlıqla yanaşı, müasir texnologiyalarla bağlı biliklər də daxildir. Buraya dronların idarəolunması, dronlara qarşı müdafiə üsulları və kibertəhlükəsizlik elementləri daxildir.
Xorvatiya Silahlı Qüvvələrinin rəhbərliyi bildirib ki, çağırışçılar mərhələli şəkildə hərbi həyatla tanış ediləcək və proqramın əsas məqsədi gənclərin hərbi bacarıqlarını artırmaqdır.
Rəsmi məlumatlara görə, ilk qrupda olanların yarıdan çoxu könüllü olaraq xidmətə yazılıblar. Qadınlar üçün hərbi xidmət məcburi olmasa da, proqram çərçivəsində onların da iştirakına imkan verilir.
Xorvatiya hakimiyyəti bildirir ki, Avropada dəyişən təhlükəsizlik mühiti fonunda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi vacib hesab olunur. Planlara görə, hər il bir neçə çağırış mərhələsi keçiriləcək və ümumilikdə təxminən 4 min gəncin hərbi hazırlıq keçməsi nəzərdə tutulur.
Qeyd edək ki, son illərdə Avropanın bir sıra ölkələri təhlükəsizlik səbəbindən məcburi hərbi xidmət modelinə yenidən qayıtmaq və ya bu sistemi gücləndirmək barədə qərarlar qəbul edib./azertag/