ain.az bildirir, Cebheinfo portalına istinadən.
Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi artıb.
Bakı Şəhər Statistika İdarəsinin məlumatında qeyd olunur ki, 2026-cı ilin yanvar ayında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 3 milyard 221,4 milyon manat olub. Aidiyyatı qurumun hesablamalarına görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb.
Belə ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,6 faiz artaraq 1 milyard 781,8 milyon manata, qeyri-ərzaq malları isə 2,8 faiz artaraq 1 milyard 439,6 milyon manat civarında olub.
Maraqlıdır, pərakəndə satışda ticarət dövriyyəsinin həcminin artmasının səbəbi nə ilə bağlıdır? Əhali çox məhsul alıb, yoxsa qiymətlər bahalaşıb?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, pərakəndə satış bazarında 2,8 % artım ciddi rəqəm hesab olunmur:

“Azərbaycan ərzaq məhsullarının 90 % - ni xarici ölkələrdən idxal edir. Həm Rusiya-Ukrayna müharibəsi, həm də Yaxın Şərqdə baş verən müharibə logistik xərclərini artırıb. Eyni zamanda, nəqliyyatda da müəyyən çətinliklər yaranıb.
Ərzaq qiymətlərində 2, 3 və ya 4 % bahalaşmanın səbəbi əsasən məhsullar, xüsusilə də kənd təsərrüffatı məhsulları idxal etdiyimiz ölkələrdəki mövcud vəziyyətlə bağlıdır. Bu ölkələrdə hərbi-siyasi problemlər hökm sürür. Bu, sözsüz ki, daxili bazarda qiymətlərə öz təsirini göstərir. Daxili bazarda ticarət dövriyyəsinin artması birbaşa bahalaşma ilə bağlıdır”.
R.Abbasbəyli vurğulayıb ki, əhalinin gəlirləri azalıb:
“Ölkəmizdə 2024-ci illə müqayisədə adambaşına düşən gəlirlər təxminən 7 % azalıb, o cümlədən ümum daxili məhsulun artım tempi də yavaşlayıb. Belə olan halda ticarət döriyyəsində 2,8 % artım normal qarşılanmalıdır.
Ona görə ki, əhalinin alıcılıq qabiliyyəti aşağa düşüb. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda qiymətlər 2,8 % civarında yox, təxminən 19 % və 20 % - ə qədər bahalaşıb. Bu isə o deməkdir ki, əhalinin ərzaq səbətində problemlər yaranıb, yəni istehlak səviyyəsi azalıb.
Qiymətlər isə kifayət qədər yüksəlib. Buna görə də ticarət dövriyyəsində 2,8 % artım əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi kimi deyil, aşağı düşməsi kimi qiymətləndirmək lazımdır”.
Yunis Abdullayev
“Cebheinfo.az”
Açar sözlər:
pərakəndə ticarət Razi Abbasbəyli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.