ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 10 mart, AZƏRTAC
Çərşənbələr Novruzun əvəzolunmaz atributlarından biridir. İnanca görə, yazqabağı rituallar dünyanın yaranışında iştirak edən dörd ünsür – su, od, hava və torpaqla əlaqələndirilir. Yel çərşənbəsi də yazın gəlişini qarşılayan mərasimlər arasında xüsusi yer tutur və nisbi sıralamada üçüncü hesab olunur. Lakin bu ardıcıllıq aksioma deyil, şərti xarakter daşıyır. Bölgələrdən çərşənbələrlə bağlı toplanmış folklor materiallarının təhlili də bunu aydın şəkildə göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədova söyləyib.
Onun sözlərinə görə, folklor düşüncəsində yelin, yaxud külək təkcə fiziki təbiət hadisəsi deyil, eyni zamanda mifoloji məna daşıyan bir ünsürdür. Ümumilikdə Yel çərşənbəsi xalqın təbiətlə bağlı qədim kosmoqonik təsəvvürlərini, eləcə də yazın gəlişi ilə əlaqədar formalaşmış mərasim mədəniyyətini özündə əks etdirir.
Müsahibimiz bildirib ki, məhz buna görə Yel çərşənbəsi ilə bağlı müxtəlif inanclar, mərasimlər və deyimlər formalaşıb. İnanca görə, Yel çərşənbəsi həm də Novruz mərasimləri kontekstində təbiətin oyanış mərhələlərindən birini ifadə etdiyi üçün mühüm əhəmiyyət daşıyır. Xalq təsəvvürünə əsasən, bu mərhələdə əsən küləklər təbiəti oyadır, torpağın isinməsinə və yazın gəlişinə zəmin yaradır.
X.Məmmədova qeyd edib ki, Novruz ənənələri içərisində Yel çərşənbəsi mərasimlərin daha da intensivləşdiyi bir dövr kimi diqqəti cəlb edir. Bu günlərdə insanlar ev-eşiklərini təmizləyir, həyət-bacada səliqə yaradır, yazın gəlişini qarşılamaq üçün müxtəlif hazırlıq işləri görürlər.
O vurğulayıb ki, Novruz bayramına qədərki dörd çərşənbənin hər biri kimi, Yel çərşənbəsi də kainatın əsas ünsürlərindən birinin dirçəlməsini simvolizə edir. Bu ünsür yel, külək və ya hava adlandırıla bilər. Bu baxımdan Yel çərşənbəsi təbiətdə hərəkətin, canlanmanın və dəyişmənin başlanğıcını ifadə edən mühüm mərhələdir. Xalq təsəvvürünə görə, məhz bu mərhələdə əsən küləklər suyu və odu hərəkətə gətirir, nəticə etibarilə torpağın isinməsi və yazın gəlişi müşahidə olunur. Beləliklə, Yel çərşənbəsi günü xalq həm anlayır, həm də sevinir ki, qışdan yaza keçidin bir addımlığındadır və Novruzu — Yeni günü qarşılamağa hazırdır.
Müsahibimiz onu da diqqətə çatdırıb ki, Azərbaycanın bəzi bölgələrində çərşənbələrə “cəmlə” deyilir. “Birinci cəmlə, ikinci cəmlə, üçüncü cəmlə, dördüncü cəmlə. Məsələn, Gədəbəy ərazisində bu ənənə müşahidə olunur. Həmin bölgədən olan söyləyicilər bildirirlər ki, onlar bütün çərşənbələri, o cümlədən Yel çərşənbəsini təmtəraqla qeyd ediblər . Maraqlı faktlardan biri də budur ki, əslən Göyçə mahalından olan bir söyləyici İlaxır çərşənbədən əvvəlki çərşənbəni Ölü çərşənbəsi adlandırıb və qeyd edib ki, həmin gün qəbirüstü ziyarətlər edilər, ölülər yad olunardı”, - deyə o əlavə edib.
Müxbir – Günel Alıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.