Bayram günlərində bəzi vətəndaşların qəbiristanlıqlara gedərək yaxınlarının məzarını ziyarət etməsi və bayram şirniyyatlarını qəbrin üzərinə qoyması ənənəvi hal alıb. Bəziləri bunu mərhumların xatirəsinə hörmət kimi qiymətləndirsə də, digərləri bu addımın düzgün olmadığını bildirirlər.
KONKRET.az xəbər verir ki, pravda.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhmədin sözlərinə görə, bayram günlərində, xüsusilə Novruz bayramında qəbirlərin üzərinə şirniyyatların aparılmasının ölənə faydası yoxdur:
“Hər hansısa şirniyyatın qəbrin üzərinə qoyulmasının qəbirdə yatana aidiyyatı yoxdur. Bəziləri bu cür əsaslandırırlar ki, guya ona görə şirniyyatlar aparırlar ki, ehtiyacı olan adamlar gəlib götürüb istifadə edirlər. İslami baxımdan isə heç bir elmi əsası yoxdur. Dinimizdə belə bir şey hətta israf sayıla bilər. Ola bilər ki, şirniyyat qoyulanda yağış yağsın, istifadəyə yararlı olmasın, heyvanlar gəlib dağıtsın və s. Kənardan da yaxşı görünmür. Əsaslandırdıqları fikrə qaldıqda isə elə o nemətləri imkanı olmayanlara təqdim edilməsi daha yaxşıdır, rahatdır. Bəzi qəbilələrdə o vaxtlar ölən adamlar üçün nələrsə aparırdılar ki, guya ölən şəxs bundan istifadə edəcək. Bu həmin təsəvvürü yaradır. Məsuliyyət hissi insanın tanıdığı şəxslər üçündür. İnsanın qohumunda, qonşusunda tanıdığı yoxsul şəxslər üçün insan məsuldur. Yəni ondan soruşulacaq ki, “sən niyə flankəsin maddi vəziyyətinin çətinliyinə baxıb bilərək yardım etmədin?”. Bu səbəbdən insanlar öz ətrafında olan imkansız şəxslərə əl tutsa, daha yaxşıdır, nəinki xonca tutub onu qəbrin üzərinə aparmaq… Nə məntiqi nə də islami cəhətdən bunun faydası yoxdur”.