AZ

Külək oyadan çərşənbə, yoxsa Yel çərşənbəsi?

Şübhəsiz ki, Novruz bayramına aparan yolun mühüm mərhələlərindən biri də Yel çərşənbəsidir.

Bu gün bayram ərəfəsində qeyd olunan üçüncü çərşənbə hesab edilir. Yel çərşənbəsi xalq arasında “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək oyadan çərşənbə” kimi adlarla tanınır. İnanca görə, bu çərşənbədə əsən küləklər təbiətin oyanmasına və havanın isinməsinə işarə edir.

Yel çərşənbəsində əsən küləyin təbiətə can verdiyinə, suyu və havanı hərəkətə gətirdiyinə, torpağın donunu açdığına inanılır. Bunun nəticəsində çay və göllərdəki buzlar əriməyə başlayır, torpaq yaz mövsümünə hazırlaşır. 

Danılmaz faktdır ki, məhz bu günlərdə evlərdə də təmizlik işləri aparılır. Həyət-bacalar, ev-eşik, xalça-palazlar tozdan təmizlənir. Elə ona görə bəzi yerlərdə bu gün “Toz çərşənbə” kimi də tanınır. Üstəlik, küləklə bağlı inanclar da məhz bu çərşənbədə daha çox yada salınır. İnsanlar dərdlərini və arzularını küləyə danışaraq onun bu kədəri uzaqlara aparacağına inanırlar. 

Qədim inanclara görə, bu çərşənbə azadlığın və yenilənmənin də rəmzi sayılır. İnsanlar qəfəsdə saxladıqları quşları və digər heyvanları sərbəst buraxaraq təbiətin oyanışını və xeyir-duanı simvolik şəkildə qarşılayırlar. Əsrlərin yaddaşından süzülərək günümüzə qədər gəlib çatan bu ənənə ilə bağlı xalq arasında dolaşan çoxsaylı hikmətli sözlər və atalar sözləri də az deyil. Bu deyimlər zamanın sınağından keçərək xalq müdrikliyinin canlı nümunəsi kimi bu gün də öz dəyərini qoruyub saxlayır.

Günel Cəlilova

Seçilən
63
hit.az

1Mənbələr