AZ

"Şagirdi sinifdə öyrətmədiyimiz “fəndlərlə” imtahan edə bilmərik" - Əməkdar müəllimdən ETİRAZ

Dünən keçirilən 11 illik buraxılış imtahanından sonra kəskin narazılıqlar səsləndirilir. Qeyd edilir ki, imtahan sualları çətin və düşündürücü olub.

Bəs belə narazılıqların yaranmaması üçün hansı addımlar atılmalıdır?

Redaktor.az-a danışan Əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva bildirdi ki, hər il eyni ssenari üzrə yenə eyni günahkarı axtarırıq:

"Valideyn repetitoru, müəllim Dövlət İmtahan Mərkəzini, şagird də yəqin taleyini günahlandırır. Amma biz məsələnin kökünə enib, müvafiq qurumlara sual verməliyik ki, siz şagirdin biliyini ölçürsünüz, yoxsa onun stresli və çıxılmaz situasiyalarda qərar vermə bacarığını yoxlayırsınız? Hərçənd ki, bu da ölçülməli olan bir bacarıqdır, sadəcə imtahan ünvanı yanlışdır.

Mənim bu məsələdə mövqeyim dəyişmir və bu narazılıqların fundamental səbəbləri haqqında fikirlərimi sizinlə bölüşə bilərəm. Birmənalı olaraq, dərslik və imtahan eyni dildə danışmalıdır. Əgər şagird məktəbdə 11 il ərzində dərslikdə görmədiyi bir məntiqlə, Türkiyə və ya digər ölkələrin test modellərinə bənzəyən “sürpriz” suallarla qarşılaşırsa, burada nədənsə danışmaq yersizdir. Çünki təhsil ədalət, dürüstlük, doğruluq kimi dəyərləri aşılamalı olan bir mühit kimi, ədalətsiz yanaşma sərgiləyə bilməz. Bu zaman şagird sadəcə aşağı nəticə əldə etmir, onun həm də bütün ümumbəşəri dəyərlərə olan inamı sarsılır. Belə olan halda siz cəmiyyətə faydalı, sosial məsuliyyəti olan vətəndaşın formalaşacağını gözləyirsinizsə, yanılırsınız. Həmçinin, imtahan sualı çətin ola bilər, analitik təfəkkür tələb edə bilər, amma o, mütləq şəkildə şagirdin masasının üstündəki o dövlət dərsliyinin çərçivəsində qalmalıdır. Biz şagirdi sinifdə öyrətmədiyimiz “fəndlərlə” imtahan edə bilmərik. Bu, həm etik deyil, həm də təhsilin məntiqinə ziddir".

Müsahibimiz vurğuladı ki, bu gün repetitorluğun bu qədər “çiçəklənməsinin” əsas səbəbi məhz bu uyğunsuzluqdur.

"Şagird və valideyn görür ki, məktəb proqramı ilə imtahan arasında “uçurum” var və o uçurumu keçmək üçün əlavə “körpü”, yəni repetitor axtarır. Əgər məktəb müəllimi öz proqramı ilə şagirdi imtahana tam hazırlaya bilmirsə, biz hansı müəllim nüfuzundan danışa bilərik? Bu, məktəbdəki müəllimin nüfuzuna vurulan ən böyük zərbədir. Biz məktəbi imtahanın mərkəzinə qaytarmalıyıq. Təhsilin ölkəmizdə hamı üçün bərabərhüquqlu olmasından, sosial ədalətdən danışırıq, amma faktiki olaraq, paytaxtda hər cür resursu olan şagirdlə, ucqar kənddə yalnız dövlətin verdiyi dərsliklə hazırlaşan uşaq arasında süni şəkildə sərhəd yaradırıq. İmtahan sualları dərslikdən kənara çıxdığı an, biz o kənd uşağının gələcək ümidlərini sındırmış oluruq. Bizim məqsədimiz hər bir Azərbaycan övladı üçün bərabər təhsil imkanı yaratmaq olmalıdır.

“Hansı addımlar atılmalıdır?” sualına əslində bizlər deyil, müvafiq qurumlar düşünüb cavab verməlidir. Çünki hər kəsin fikri subyektivdir. Həmçinin mənim də. Qeyd elədiyiniz məsələ üzrə yanaşmam demək olar ki, dəyişmir. Mən düşünürəm ki, gec də olsa, vahid koordinasiya şurası yaradılmalıdır. DİM və Elm və Təhsil Nazirliyi artıq ortaq qərar verməli, dərslik müəllifi ilə test tərtibçisi eyni masada oturmalıdır. İmtahana salınacaq hər bir testin dərslikdəki qarşılığı yoxlanılmalıdır. Hər hansı yeni sual tipi (situasiya, məntiqi təhlil) imtahana gətirilməzdən ən azı 1-2 il öncə şagirdlərə və müəllimlərə təqdim olunmalı, nümunələr göstərilməlidir. Şagird imtahan zalında “bu nədir?” sualını yox, “mən bunu bilirəm” inamını yaşamalıdır. İmtahan modelində dəyişiklik planlaşdırılırsa, ilk növbədə o dəyişikliyi tədris edəcək müəllim hazırlanmalıdır. Müəllim özü bilmədiyi, tanımadığı bir mövzunu şagirdə necə öyrətsin? Həmçinin imtahanda düşə biləcək hər bir mürəkkəb yanaşma, həll yolu dərsliklərdə ən azı bir neçə nümunə ilə izah olunmalıdır ki, şagird onu ilk dəfə imtahanda görüb stress keçirməsin.

Bizim missiyamız şagirdin bilik və bacarığını obyektiv ölçmək olmalıdır. Ona görə də, imtahan tədrisin güzgüsü olmalıdır – əyri yox, düz göstərən bir güzgü olmalıdır", - deyə Sona Əliyeva yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Seçilən
133
redaktor.az

1Mənbələr