AZ

İran kimi institusional və təhlükəsizlik yönümlü sistemlərdə liderin aradan götürülməsi müvəqqəti sərtləşmə və birləşmə effekti yaradır

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Xameneinin öldürülməsi İranı zəiflətmək əvəzinə sistemi daha sərtləşdirdi və konsolidasiya etdi. Rejimin bir nəfərdən asılı olduğu düşünülürdü, lakin dərhal yeni təyinatın edilməsi göstərdi ki, struktur fərdlərdən üstün qurulub və idarəetmə fasiləsiz davam edir. İran elitası bununla mesaj verdi ki, hər itkinin yerini dolduracaq mexanizm mövcuddur və sistem şəxslərə deyil, institusional dayaqlara söykənir. İndi dövlətin qoruma instinkti daha kollektiv xarakter alıb və meydan oxuma qabiliyyətinin davam etdiyi nümayiş etdirilir.Bir liderin aradan götürülməsi həqiqətən sistemi çökdürür, yoxsa onu daha da sərtləşdirərək müqavimətini artırır?

Siyasi şərhçi Mərahim Nəsib Bizimyol.info xəbər portalına açıqlamasnda bildirib ki, bir liderin aradan götürülməsi hər siyasi sistem üçün eyni nəticəni doğurmur: “Bu, həmin rejimin nə dərəcədə institusional quruluşa malik olmasından, hakimiyyətin şəxslərəmi, yoxsa strukturlaramı söykənməsindən asılıdır. Şəxsiyyət mərkəzli rejimlərdə hakimiyyət əsasən bir liderin xarizması, şəxsi əlaqələri və fərdi nüfuzu üzərində qurulur. Belə sistemlərdə liderin aradan götürülməsi ciddi güc boşluğu yarada, elita daxilində parçalanmaya və qeyri-sabitliyə səbəb ola bilər. Çünki varislik mexanizmi ya zəif olur, ya da qeyri-müəyyən qalır.

Lakin institusional əsasları güclü olan sistemlərdə vəziyyət fərqlidir. İran modeli bu baxımdan maraqlı nümunədir. Burada hakimiyyət yalnız bir nəfərin iradəsinə bağlı deyil. Siyasi sistem ali dini rəhbərlik institutu, təhlükəsizlik aparatları, xüsusilə İran İslam İnqilabı Keşikçiləri Korpusu, eləcə də dini-siyasi şəbəkələr üzərində qurulub. Bu çoxqatlı struktur, fərdi itkiləri kompensasiya edə biləcək mexanizmlərə malikdir. Belə hallarda liderin və ya yüksək vəzifəli fiqurun aradan götürülməsi sistemi zəiflətmək əvəzinə, əksinə, qısamüddətli konsolidasiya effekti yarada bilər. Xarici təhlükə və ya hücum narrativi elitanı birləşdirir, təhlükəsizlik strukturlarının rolunu gücləndirir və qərarverməni daha mərkəzləşdirilmiş formaya salır. Dövlətin özünü qoruma instinkti kollektiv xarakter alır və sistem daha sərt mövqe nümayiş etdirir”.

Mərahim Nəsib

“İran variantında da müşahidə olunan budur ki, sürətli təyinatlar və idarəetmədə fasiləsizliyin qorunması göstərir ki, struktur fərdlərdən üstün qurulub. Bu, sistemin zəif olmadığını deyil, onun fərdi dəyişikliklərə qarşı adaptiv mexanizmlərə malik olduğunu göstərir. Lakin onu da qeyd edim ki, hələlik Xameneinin yerinə təyinat olmayıb. Oğlunun təyinatını “Iran İnternational” yayıb ki, bu da Londondan idarə olunan və İran rejiminə müxalif şəbəkədir. Hətta hökumət bu agentliyi “terror qruplaşması” kimi tanıyıb. Kimin hakimiyyətə gələcəyi və dövləti necə idarə edəcəyi isə Ekspertlər Məclisinin qərarından sonra məlum olacaq. Ancaq bu, uzunmüddətli perspektivdə bütün risklərin aradan qalxdığı anlamına gəlmir. İqtisadi təzyiqlər, sosial narazılıq və elita daxilində mümkün fikir ayrılıqları zamanla daha dərin problemlər yarada bilər. Sadəcə olaraq, bir liderin aradan götürülməsi avtomatik şəkildə sistemin çökməsi ilə nəticələnmir”-deyə Mərahim Nəsib qeyd edib.

“İran kimi institusional və təhlükəsizlik yönümlü sistemlərdə liderin aradan götürülməsi çox vaxt dağılma deyil, müvəqqəti sərtləşmə və birləşmə effekti yaradır. Sistem fərdi itkiyə reaksiya olaraq daha mərkəzləşmiş və daha müdafiəçi xətt tutur”-deyə Mərahim Nəsib bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
bizimyol.info

1Mənbələr