AZ

Azərbaycan etibarlı enerji tərəfdaşı və strateji tranzit mərkəzi

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Elşən Alıyev

​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası qlobal enerji gündəliyində mühüm yer tutan məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Tədbirdə iştirak edən Prezident İlham Əliyev çıxışında enerji təhlükəsizliyinin təmin olunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr barədə mühüm mesajlar verib.

Enerji təhlükəsizliyi məsələləri müasir dövrdə daha aktual xarakter alıb. Ölkələrin birlikdə fəaliyyət göstərməsi və mühüm məsələlərin dialoq yolu ilə həlli bu sahədə uğurun əsas şərtidir. Məşvərət Şurasının illik toplantıları enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahəsində tərəfdaş ölkələrin birgə fəaliyyətini koordinasiya etmək üçün mühüm platformadır. Bu görüşlər çərçivəsində ötən dövrdə görülən işlər dəyərləndirilir, yeni təşəbbüslər və gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə birlikdə - məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Ötən müddət ərzində müxtəlif geosiyasi proseslər, iqtisadi çətinliklər və regional problemlər yaşansa da, Azərbaycan və tərəfdaş ölkələr enerji təchizatının sabitliyini təmin etməyi bacarıb. Əməkdaşlıq nəticəsində bir sıra dövlətlərin enerji təhlükəsizliyi real təminata çevrilib və bu fakt artıq beynəlxalq enerji sistemində mühüm reallıq kimi qəbul olunur.

Prezident İlham Əliyev çıxışında enerji ixracının genişlənməsi ilə bağlı mühüm faktları diqqətə çatdırıb. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və bu göstərici boru kəmərləri vasitəsilə qaz tədarük edən dövlətlər arasında dünyada ən yüksək göstəricilərdən biridir. Avropanın enerji bazarında mövcudluğun genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Artıq Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb və beləliklə Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazını idxal edir.

Qarşıdakı illərdə qaz hasilatının artırılması üçün geniş imkanlar mövcuddur. Bu baxımdan bir sıra mühüm layihələr həyata keçirilir. Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilata başlanması gözlənilir. Bundan əlavə, “Abşeron” yatağının tammiqyaslı işlənməsi yaxın illərdə qaz hasilatının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə hasilatın başlanması nəzərdə tutulur. “Şahdəniz” yatağının yeni mərhələsinin 2028-ci ildə istismara verilməsi planlaşdırılır. Bu layihələrin həyata keçirilməsi nəticəsində maksimum istehsal mərhələsində əlavə 10-15 milyard kubmetr qaz əldə olunacaq.

Artan tələbat fonunda mövcud infrastrukturun genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi hazırda tam gücü ilə fəaliyyət göstərir və gələcəkdə əlavə həcmlərin daşınması üçün yeni genişləndirmə layihələri və interkonnektorların yaradılması üzərində iş aparılır. Məqsəd ixrac imkanlarını maksimum səviyyəyə çatdırmaq və yeni bazarlara çıxışı təmin etməkdir.

Prezident İlham Əliyev çıxışında yaşıl enerji sahəsində həyata keçirilən layihələrə də diqqət yetirib. Bu sahədə mühüm nəticələr əldə olunub və yeni layihələr icra olunur. Cari ilin yanvarında regionda ən böyük külək elektrik stansiyası istifadəyə verilib. 240 meqavat gücündə olan bu layihə “ACWA Power” şirkəti tərəfindən həyata keçirilib. Bundan əvvəl isə “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa olunub. Bu layihələr ölkənin bərpaolunan enerji potensialının artırılmasına və enerji balansının şaxələndirilməsinə mühüm töhfə verir.

Alternativ enerji layihələrinin həyata keçirilməsində həm xarici investorların, həm də yerli şirkətlərin fəal iştirakı müşahidə olunur. Bu prosesdə SOCAR və digər yerli şirkətlər də mühüm rol oynayır. Enerji infrastrukturu sahəsində yeni ötürücü xətlərin yaradılması, enerji kabellərinin çəkilməsi və regional enerji layihələrinin həyata keçirilməsi istiqamətində mühüm işlər aparılır. Bu layihələr arasında Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana planlaşdırılan enerji xətti xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı çıxışında bildirib ki, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik: “Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik”.

Prezident İlham Əliyev iqlim dəyişiklikləri ilə bağlı məsələlərə də toxunub. Bütün dövlətlər planetin təhlükəsiz və təmiz gələcəyi üçün məsuliyyət daşıyır. Bununla yanaşı, enerji siyasətində praqmatik yanaşma vacibdir. Qazıntı yanacağı ilə bərpaolunan enerji mənbələri arasında balansın qorunması zəruridir. Azərbaycanın böyük qaz ehtiyatlarına malik olmasına baxmayaraq, alternativ enerji sahəsinə milyardlarla dollar sərmayə yatırması ölkənin enerji siyasətinin məsuliyyətli və uzaqgörən xarakter daşıdığını göstərir.

Cənab İlham Əliyev çıxışında Azərbaycanın enerji tranziti sahəsində oynadığı mühüm rolu da qeyd edib. Ölkə Qazaxıstan və Türkmənistan üçün mühüm neft tranziti imkanları yaradır və Xəzər regionunda enerji daşımalarının həcmi ildən-ilə artır. Mövcud infrastruktur isə Xəzərin şərq sahillərindən daha çox neft qəbul etməyə imkan verir.

Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq enerji bazarlarında fəaliyyətinin genişləndirilməsi istiqamətində atılan addımları da vurğulayıb. Türkiyədə 870 meqavat gücündə böyük elektrik stansiyasının əldə olunması və Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının tikintisinə dair müqavilənin imzalanması enerji əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bundan əlavə, İtaliyada ümumi emal gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin əldə olunması və Türkiyədəki 12 milyon tonluq emal müəssisəsi ilə birlikdə Aralıq və Egey dənizləri hövzəsində 22 milyon tonluq neftayırma potensialının formalaşdırılması enerji təchizatının davamlılığını təmin edən mühüm addımlardır.

Bütün bu faktlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası təkcə milli maraqları deyil, həm də geniş regionun və Avropanın enerji təhlükəsizliyini təmin edən mühüm amilə çevrilib. Cənub Qaz Dəhlizi təşəbbüsü və yaşıl enerji layihələri ölkənin enerji siyasətində balanslı və uzaqgörən yanaşmanın bariz nümunəsidir. Bu siyasət gələcək illərdə də enerji təhlükəsizliyi, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq baxımından mühüm nəticələr verəcəkdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
yeniazerbaycan.com

3Mənbələr