AZ

ABŞ və Türkiyə arasında mühüm razılaşma: "Halkbank işi" dayandırılır

Türkiyənin dövlət bankı Halkbank ilə ABŞ Ədliyyə Nazirliyi arasında illərdir davam edən sanksiya işi üzrə razılaşma əldə olunub.

Məlumata görə, tərəflər məhkəmə təqibinin müvəqqəti dayandırılması barədə razılığa gəliblər. Bu addım uzun müddətdir ABŞ məhkəmələrində davam edən və İran sanksiyalarının pozulması ilə bağlı olan işi bağlamağa yönəlib.

Musavat.com xəbər verir ki, bankın investorlar üçün məlumat platforması olan "KAP" tərəfindən yayılan açıqlamada bildirilib ki, ABŞ-də banka qarşı cinayət işi 15 oktyabr 2019-cu ildə açılmışdı.

Açıqlamada qeyd olunur ki, bankın direktorlar şurası ABŞ Ədliyyə Nazirliyinin Nyu-Yorkun Cənub Dairəsi prokurorluğu ilə "məhkəmə təqibinin təxirə salınması" barədə razılaşma imzalamaq qərarı verib. Bu mexanizm tərəflər arasında barış yolu ilə işin bağlanmasını nəzərdə tutur.

İşin mahiyyətinə görə, Halkbank ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyaların pul köçürmələri və qızıl ticarəti vasitəsilə dolanılmasına kömək etməkdə ittiham olunurdu.

Razılaşmanın şərtlərinə əsasən, bank müəyyən öhdəlikləri yerinə yetirərsə, cinayət işi tamamilə bağlanacaq və məhkəmə təqibi dayandırılacaq.

 

Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr