"Yaxın Şərqdəki müharibə Rusiyaya qısa müddətdə siyasi və iqtisadi üstünlüklər qazandırsa da, İranın zəifləməsi Moskva üçün ciddi strateji risklər yarada bilər..."
Almaniyanın Bundesver Universitetinin hərbi eksperti Karlo Masalanın fikrincə, İran ətrafında yaranmış böhran Vladimir Putin üçün həm problemlər yaradır, həm də müəyyən üstünlüklər verir.
Moderator.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.
Putinin ehtiyatlı mövqeyi
Analitik hesab edir ki, Kreml Tehrana açıq hərbi dəstək verməyəcək. Bunun əsas səbəbi Rusiyanın bütün resurslarının Ukrayna müharibəsinə yönəlməsi ilə bağlıdır. Putinin əsas prioriteti Ukrayna cəbhəsi olaraq qalır və Yaxın Şərqdə birbaşa hərbi iştirak Rusiyanın imkanlarını daha da zəiflədə bilər.
Bundan əlavə, belə bir addım ABŞ prezidenti Donald Tramp ilə münasibətlərin kəskin pisləşməsinə səbəb ola və Ukrayna ilə bağlı mümkün danışıqları çətinləşdirə bilər.
Masala həmçinin qeyd edir ki, İrana verilmiş Rusiya HHM sistemləri, xüsusilə S-400 kompleksləri müharibə zamanı özünü ciddi şəkildə göstərə bilməyib. ABŞ və İsrailin hava məkanında əldə etdiyi üstünlük səbəbindən bu sistemlər hava zərbələrinin qarşısını almaqda demək olar ki, rol oynamayıb.
Kremlin əldə etdiyi iqtisadi və siyasi üstünlüklər
Bununla belə, Yaxın Şərqdəki gərginlik Rusiyaya bir sıra mühüm dividendlər gətirir. İsrailin "Maariv" nəşrində dərc olunan analitik yazıda qeyd olunur ki, münaqişə enerji bazarında vəziyyəti dəyişdirərək Moskvanın mövqeyini gücləndirib. Regiondakı qeyri-sabitlik nəticəsində neft və qazın qiymətləri yüksəlir.
Xüsusilə Hörmüz boğazı ətrafında yaranan təhlükə qlobal enerji tədarükünə təsir göstərir. Bu boğazdan dünya dəniz ticarətinin təxminən 15 faizi və qlobal enerji daşımalarının 20-22 faizi keçir. Yaxın Şərq dünya neft hasilatının təxminən 30 faizini təmin edir, İran isə qlobal neft ixracının təxminən 3,5 faizinə sahibdir. Regiondan tədarükün azalması alıcıları alternativ mənbələrə yönəldir və bu şəraitdə Rusiya əsas benefisiarlardan birinə çevrilir.
Xüsusilə Hindistan və Çin rus neftinin əsas alıcıları sırasındadır. "Brent" markalı neftin qiyməti bir barel üçün 90 dollara yaxınlaşır və Rusiyanın "Urals" markalı nefti daha yüksək gəlirlə satılır. Bu isə Kremlin büdcə gəlirlərini artırır.
Eyni zamanda dünya ictimaiyyətinin diqqətinin Ukraynadan Yaxın Şərqə yönəlməsi də Moskva üçün siyasi üstünlük yaradır.
Moskva üçün uzunmüddətli risklər
Bununla belə, analitiklər xəbərdarlıq edir ki, bu üstünlüklər uzunmüddətli perspektivdə problemlərlə əvəz oluna bilər. İran Rusiyanın mühüm strateji tərəfdaşlarından biridir və Ukrayna müharibəsində Moskvanı silah və texnika ilə təmin edib.
Tehran Rusiyaya milyonlarla artilleriya mərmisi, müxtəlif silahlar və "Shahed" tipli pilotsuz aparatların texnologiyasını verib. Bu dronların istehsalı artıq Rusiyanın özündə də qurulub.
Əgər İran ciddi şəkildə zəifləsə və ya regiondakı təsiri azalarsa, bu, Rusiyanın hərbi imkanlarına mənfi təsir göstərə bilər. Bundan əlavə, Yaxın Şərqdə Rusiyanın təsirini artırmağa kömək edən "müqavimət oxu"nun zəifləməsi də Kremlin geosiyasi mövqelərini sarsıda bilər.
Beləliklə, Yaxın Şərqdəki müharibə bu gün Rusiyaya əlavə gəlir və siyasi imkanlar qazandırsa da, İranın mümkün zəifləməsi gələcəkdə Kremlin regional strategiyasını və hərbi planlarını ciddi şəkildə çətinləşdirə bilər.