AZ

Gözəl ömür



Elm işıqdır. Bu işığa maraq göstərənlər işıqlı insanlardır. Dünya bu fəlsə­fə­nin işığında formalaşıb...

Orta məktəbdə oxuyanda ixtisas seçimi ilə bağlı şagirdlərin düşüncələri bəzən mütəhərrik olur, bə­zən qətiyyətli. Sabahları üçün hərə bir amilə əsaslanır. Bu seçimə valideyn məsləhəti də təsir göstə­rir, müəllimlərin tövsiyələri də, bədii əsərlər də. Şagird istəyi bu baxımdan qarşılaşdırmalar dolayın­dan keçir. Bəzən onun istəyini romantik işıq da çəkir. Mehman obrazına sevgiyə görə onlarla gənc hüquqşünaslığı seç­mə­mişdimi? Ali təhsilini yarıda saxlayıb tibb institutuna daxil olan neçə-neçə gənc sonralar tanınmış həkim olduğu da tarixdi...

Adilə Ziyat qızı 1942-ci il avqustun 3-də Zəngilan rayonunun Pirçivan kəndində ziyalı ailəsində anadan olub. Göz açıb ailədə kitablar görmüşdü. Bəlkə də ilk ünsiyyəti bu kitablar olduğunu nə özü xatırlayır, nə də bu haqda bir söz deyən olub...

Sabahlarının ünvanını özü müəyyənləşdirmişdi. Müəllimlərini sevmişdi, müəl­lim­liyi sevmişdi, elmləri sevmişdi. Sonuncu sinifdə oxuyanda materiya haqqında düşüncələrinin suallarına müəllim­lə­rindən, oxuduğu kitablardan cavablar tapmaq istəmişdi. Hərdən sualının anlaşıl­maz­lıq ola bilməsi ehtimalından da çəkinmişdi. Onda belə suallara özü cavab tapmağa qərar vermişdi: də­qiq elmlər üzrə təhsil alacam! Fizikanı seçibmiş...

Adilə Ziyat qızı 1953-cü ilə kimi Zəngilanda Pircivan kənd orta məktəbində oxumuşdu, təhsilini Bakı şəhərində 7 saylı orta məktə­b­də davam etdirmişdi, məktəbi gümüş medalla bi­tirmişdi. Müəllim­lə­ri də, valideynləri də bilirdi ki, Adilə seçimini qətiləşdirib. Xeyir-dua vermişdilər. Bu xeyir-dua ina­ma söykənmiş xeyir-dua idi; inanırdılar ki, Adilə seçdiyi yolun dönməz yolçusu olacaq...

Adilə Ziyat qızı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fa­kul­­təsinə daxil oldu.

Adilə atası Sosialist Əməyi Qəhrəmanı Ziyat Məmmədovun, əmisi Atlıxan Xanməmmədovun ömür yolunun işığını ömür yo­­lunun yolgöstərəni bilib; atası da, əmisi də alim idi. O da alim olmağı qərara alıbmış. 1964-cü ildə universiteti bi­tirdikdən sonra təyinatla Azər­bay­can SSR Elmlər Akademiyasının Fizika İnstitutuna göndərilib. Onda atasına demək istəmişdi ki, mən də sizin kimi elmlə məşğul olacam, orta məktəbdə oxu­­yanda məni düşündürən sualların cavabını özüm tapmağa çalışacam, ata. Deməmişdi, bir vaxtlar atasından eşitdiyi bir kəlama görə deməmişdi: Hər iş öz vaxtında görüləndə, hər söz öz vaxtında deyiləndə gözəl olur, qızım...

Adilə Abbasova burada 1966-cı ilə kimi baş laborant, sonra mü­həndis işlədi. O vaxtlarda onu fizikaya bağ­la­yan səbəblərin cəfasını çəkməyin vaxtı çatdığını da düşünürdü. Bu düşüncələr qətiyyət oldu, arzu oldu, niyyət oldu: elmi fəaliy­yə­ti­ istiqamətləndirmək! 1966-cı ildə aspiranturaya daxil oldu. İnstitutun göndərişi ilə Ukray­na Elm­lər Aka­de­mi­yasının Yarımkeçiriçilər Fizikası İnstitutunda “Ya­rım­ke­çi­ricilər və dielektriklər fizikası” üzrə elmi-tədqiqat işləri apardı, SSRİ Elmlər Aka­demiyasının müx­bir üzvü H.B. Abdullayevin rəhbərliyi ilə 1970-ci ildə “ GaSe monokris­tal­larında rekombinasiya və ya­pışma proseslərinin tədqiqi” mövzu­sun­da namizədlik dissertasiyasını tamamladı və mü­dafiə etdi. Yarımkeciricilər və dielektiriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri na­mizədi alimlik dərəcəsi aldı. Onda atasının boynuna sarılamq istəmişdi, illərlə ürəyində saxladığı fikrini – niyə fizika ixtisasını seçdiyini demək keçmişdi könlündən...

Adilə Ziyat qızı Abbasova 1970-ci ildən 1974-cü ilə kimi Fizika İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi vəzifəsində işlədi. Alim idi. “Elm nəhayətsizdi. Öyrəndikcə bil­mədiklərinin nara­hat­lı­ğını yaşayırsan, daha çox öyrənmək istəyirsən. Öyrənmək nəyəsə, nələrəsə ye­nilik gətirmək niy­yətidi. Yenilik müəyyən mənada elmi kəşf də hesab edilə bilər...”, – Adilə xanım belə düşünürdü. Bu düşüncələr onu orta məktəbdən niyyətinə dönmüş bir istəyin mücahidi etməkdəydi – tədqiqatlarının istiqamətini də, miqyasını da təkmilləşdirməyi qərara almışdı. İnstitutun rəhbərliyi onun niyyətini gerçəkləşdirdi – zəmanəti elmi idrakı, zəhmətsevərliyi, elmi düşüncələrinin elmi nəti­cə­ləri idi. 1974-cü ildə Moskba şəhərinə – Tətbiqi Fizika Elmi-Tədqiqat İnstitutuna ezam olundu.

1974-1982-ci illərdə həmin institutda çalışmış və 1982-ci ildə müsabiqə yolu ilə baş elmi işçi vəzifəsini tutmuşdur. Moskva mühiti onun elm sahəsindəki fəaliyyətini genişləndirməyə daha geniş imkanlar açmışdı. SSRİ-nin bir çox elmi-tədqiqat institutları ilə, o cümlədən M.V. Lomonosov adına Moskva Dövlət Universitetu, Ukrayna EA-nın Yarımkeçiricilər Fizikası İnstitutunun onun təmsil etdiyi elm ocağı ilə – Azərbaycan SSRİ EA Fizika İnstitutu ilə sıx elmi-tədqiqat əlaqəsi vardı. Bu əla­qə çoxtərəfli elmi uğur­lar üçün başlıca elmi ünsiyyət idi və fizika-riyaziyyat elmləri namizədi Adi­lə Abbasova da belə bir ünsiyyətin icraçılarından biri idi...

Moskvada elmi mühit bir qədər məsuliyyətli idi və bu məsuliyyət Adilə Ziyat qızı üçün çətin­lik­lər yaratmırdı; elmi hazırlıq həmişə bütün çəitnliklərin fövqündə dayanıb. Adilə Abbasova iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, akademik V.İ.Stafeyevin, Moskva Dövlət Universitetinin professoru, Ru­si­yanın Əməkdar elm xadimi V.S.Vavilovun və digərlərinin elmi məsləhətləri ilə tədqiqatlarını uğur­­la davam etdirirdi. Bu müqtədir alimlər onun tədqiqatlarının nəticələrini böyük maraqla təqdir edirdi.

1987-ci ildə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını alıb, Tətbiqi Fizika Elmi-Tədqiqat İnstitutunda müsabiqə yolu ilə laboratoriya müdiri seçilib və 1992-ci ilədək bu vəzifədə çalışıb.

O illərdə də ürəyi Vətənlə döyünürdü. Sevincini ruhunun beşiyi olan Azərbaycanla – valideyn­lə­riy­lə, həmkarlarıyla əlaqə saxlayırdı. 1990-cı il 20 yanvar faciəsi onun da ruhunu silkələdi, onun da var­­lı­ğı­nı sarsıtdı. O da bu faciəni törədənləri lənətlədi. Faciənin səhərisi gün Moskvada Azərbaycanın da­im nümayəndəliyinin qarşısında Azərbaycanlı ziyalıların toplaşdığı etiraz mitin­qin­də o da iştirak etmişdi. Adilə xanım böyük tarixi şəxsiyyət Heydər Əliyevin həmim mitinqdə iştirakını və çıxışını, verdiyi bəyənatda faciənin törədilməsinə əmr verənləri də, faciəni törədənləri də qınamasını, öz adından və xalqın adından cəzalandırılmasını tələb etdiyini xatırlayaraq Ulu Öndərin Vətən sevgisini yüksək qiymətləndirir, həmişə Ümummilli Liderin həyata keçirdiyi Azərbaycançılıq siyasətinin önündə getdiyini özünün mənəvi börcu hesab edir.

1992-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə işə dəvət olunmuş və Aparatın Sosial-mədəni qanunvericilik məsələləri şöbəsinin elm, təhsil və mədəniyyət bölməsinin müdiri,1993-1995-ci illər­də Azərbaycan Respublikasının Milli Məclisinin Daimi komissiyalar katibliyinin müdiri, 1995-ci ildən 2020-ci ilədək Azərbaycan Respublikası Milli Məclisi Apa­ratının Sosial qanunveri­ci­lik şöbəsinin müdiri vəzifələrində işləyib.

Milli Məclisdə çalışdığı illərdə elm, təhsil, səhiyyə, mədəniyyət, qadın və uşaqların sosial müda­fiə­si problemlərinin həllinə yönəldilmiş fəaliyyətləri tənzimləyən qanunlar hazırlanmasında, dövlət quruculuğu işində xüsusi əməyi və zəhməti olub. Və bu məqamda yadıma bir deyim düşür: “Haqq əmək itirmir”...

Alimin alimliyi təkcə onun yazdığı əsərlərin sayıyla məhdudlaşmır. Alim onda böyük alim hesab olunur ki, elmi ziyasını cəmiyyətə səxavətlə yaymağı da bacarsın. Cəmiyyət bu ziyadan barına bilsin. Elmdə barınma həm də öyrənmə kimi təzahür edir. Alimin yazdığı əsərlər oxunursa, bu əsərlər öyrən­mək istəyənlərə gərək olursa, alim taleyinə şükürlər oxuya bilər. Adilə xanım 1992-ci ildən indiyədək BDU-nin Yarımkeçiricilər fizikası kafedrasının professorudur. Elmi kadrların hazırlanmasında özü­nün şəxsiyyəti də, elmi idrakının nəticəsi olan əsərləri də fəal iştirak edir. Universitetdə təhsil alan bakalavr və magistr təhsili alanlar üçün “Yarımkeçirici çeviricilər”, “Nizamsız sistemlər fizikası”, “Yarımkeçirici materialların və cihazların fiziki xassələrinin tədqiqi üsulları”, “Yarımkeçiricilərdə səth və kontakt hadisələri”ndən mühazirələr oxuyur, magistrlər üçün fənn proqramlarının hazırlan­ma­sında da fəal iştirak edir. Üç elmlər namizədinin elmi rəhbəri olub, bir elmlər doktorunun elmi məsləhətçisi. 150-dən çox elmi əsərin, beş ixtiranın, bir neçə monoqrafiyanın müəllifidir.

Adilə Abbasovanın əsas elmi nailiyyətləri sırasında layvari kristallarda yeni texnologiyanın tətbiqi ilə onlar əsasında fotohəssas quruluşların alınması və ilk dəfə olaraq həmin kristallara və fotohəssas quruluşlara müxtəlif növ ionlaşdırıcı şüaların təsiri öyrənilmiş, foto həssaslığın mexanizmi müəyyən edilmişdir. Bu kristalların əsasında ultrabənövşəyi, görünən və yaxın infraqırmızı oblastda işləyən və mü­əl­liflik şəhadətnamələri ilə təsbit olunmuş radiasiyaya davamlı fotohəssas quruluşlar (fotoqəbu­le­dicilər, həssas fotodiodlar və s.) hazırlanmış və onların fiziki xassələr öyrənilmişdir.

Yüksək elmi-nəzəri təfəkkürə malik olan Adilə Ziyat qızı 1993-cü ildən 20006-cı ilədək Azər­baycan Respublikası Prezidenti Yaninda Ali Atestasiya Komissiyasının Ekspert Şurasısının üzvü ol­muş, uzun müddət AMEA Radiasiya Problemləri İnstitutunda Dissertasiya Müdafiə Şurasının üzvü olub.

1995-ci ildə Almaniyada, 1997-ci ildə İngiltərədə, 1999-2001-ci illərdə Rusiya, İngiltərə, Türki­yə, Yunanıstan, Almaniya, Fransa və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak edib, maraqlı və yaddaqalan elmi məruzələrlə çıxış edib.

1995-ci ildə Azərbaycan qadınlarının nümayəndə heyətinin tərkibində Çində keçirilən IV Ümum­dünya “Pekin -95” konfransında, 1996-cı ildə Türkiyədə keçirilən qadın problemlərinə həsr olunmuş “Habitat” beynəlxalq konfransda iştirak edib. Respublika Qadınlar Şurasının üzvü seçilib.

Elmi nailiyyətlərinə görə 1999-cu ildə İngiltərənin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “ İlin beynəlxalq qadını“ elan edilib, haqqında həmin Mərkəzin nəşr etdirdiyi “XX əsrin görkəmli şəxs­­ləri” ensiklopedik kitabına məlumat daxil edilib. 2020-ci ildə Amerika Bioqrafiya İnstitutu tə­rə­fəindən “XX əsrin görkəmli şəxsləri” diplomu və gümüş medalına layiq görülüb. 2001-ci ildə Ame­ri­ka Bioqrafiya İnstitutu tərəfəindən “XXI əsrin görkəmli qadını” seçilib. 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII növbədənkənar qurultayında Veteranlar Şurasının üzvü seçilib.

Professor Adilə Abbasova Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli Sə­rəncamı ilə 2-ci dərəcəli Dövlət Müşaviri ixtisas dərəcəsinə layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 iyun tarixli 2264 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı,2020-ci il 23 iyun tarixli 2116 nömrəli Sərəncamı ilə “2-ci dərəcəli Vətənə xidmətə görə” ordeni, 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, Azərbaycan Respublikası Mili Məclisi Sədrinin 2018-ci il 27 dekabr tarixli 229-V saylı Sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalı, Azərbaycan Respublikası Təhsil nazirinin 6 dekabr 2019-cu il tarixli K-1823 nömrəli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı, bir neçə digər medallarla və çoxlu sayda fəxri fərmanlarla təltif olunub.

Zəngilanın ilk qadın elmlər doktoru olan, YAP-ın veteran üzvü kimi asudə vaxtlarında ictimai tədbirlərdə fəal iştirak edən Adilə Ziyat qızı bu gün elm sahəsində qazandığı zəngin təcrübəni öz tə­ləbələrinə böyük məhəbbətlə, böyük azərbycançılıq qüruru ilə aşılayır. İllər ötsə də ürək həmin ürək­di – Bakıdakı 7 saylı orta məktəbin şagirdi olanda düşüncələrini tarıma çəkən sullara cavab axta­ran şagird Adilə Ziyat qızının ürəyi illər sonra da həmin şövqlə, həmin həvəslə, həmin maraqla dö­yünməkdədir. Onda bilmək istədikləri vardı, indi öyrətmək istəyi dönməzləşib. Bax, gözəl ömür bu­dur!

Bayram MƏMMƏDOV,
Əməkdar müəllim



Seçilən
61
4
aia.az

5Mənbələr