AZ

CNN təsdiqlədi: Məktəbli qızları öldürən ABŞ raketi olub...

İranın cənubunda baş verən hava zərbələri ilə bağlı yeni iddialar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, CNN telekanalının məlumatına görə, ABŞ silahlı qüvvələri İranda bir məktəbi "Tomahawk" raketi ilə vurmuş ola bilər.

Telekanalın məlumatına əsasən, ekspertlər İranın "Mehr" agentliyinin fevralın 28-də yayımladığı videogörüntüləri təhlil ediblər. Ceyms Martin adına Nüvə Silahlarının Yayılmaması Problemləri Mərkəzinin əməkdaşı Sem Lair kadrlarda görünən sursatın məhz "Tomahawk" raketi olduğunu ehtimal etdiyini bildirib.

Onun sözlərinə görə, videodakı sursatın forması "Tomahawk" raketlərinin quru hədəfləri vurmaq üçün istifadə edilən TLAM modifikasiyasının vizual xüsusiyyətlərinə uyğundur. Ekspert qeyd edib ki, raketin çarpaz formalı quruluşu, mərkəzdə yerləşən qanadları və quyruq hissəsi bu versiyaya xasdır.

Lair əlavə edib ki, video ehtimal olunan zərbə nöqtəsindən təxminən 250 metr məsafədə çəkilib. Onun fikrincə, bu məsafə zərbənin iri ölçülü raketlə endirildiyini göstərir və ABŞ arsenalında vizual baxımdan oxşar görünən digər sursatları – məsələn, GBU-69B planlaşdırılan aviabombalarını – istisna edir.

CNN qeyd edir ki, mövcud görüntülərdən hansı binanın dəqiq vurulduğunu müəyyən etmək mümkün deyil. Lakin kadrların geolokasiyası zərbənin İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus hərbi bazanın ərazisində yerləşən tibbi klinikaya və ya onun yaxınlığındakı əraziyə düşə biləcəyini göstərir.

Ekspertin sözlərinə görə, videoda məktəbin vurulduğu an birbaşa görünmür. Bununla belə, eyni hücum zamanı oxşar tipli sursatların istifadə edildiyi ehtimal olunur.

Bundan əvvəl "CBS News" da ABŞ qüvvələrinin məktəbi vurmuş ola biləcəyini bildirmişdi. Telekanalın mənbəsinin sözlərinə görə, ilkin araşdırmalar göstərir ki, təhsil müəssisəsi yaxınlıqdakı İran hərbi bazasının bir hissəsi kimi işarələnmişdi.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr