ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı şəhərində saysız-hesabsız çoxmərtəbəli binalar inşa olunur. Onların bir qismi istismar müddəti başa çatmış köhnə binaların yerində tikilir, digərləri isə boş sahələrdə. Bu isə cəmiyyətdə birmənalı qarşılanmır.
Bakıda bu qədər bina tikilməsinə həqiqətən ehtiyac varmı? Yaxın illərdə paytaxtda tikinti prosesinin dayandırılması mümkündürmü?
Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, məsələyə ümumi məntiqi yanaşma ilə baxdıqda sualı qismən haqlı saymaq olar.
Onun sözlərinə görə, lakin məsələyə statistik göstəricilər kontekstindən yanaşdıqda fərqli mənzərə ortaya çıxır:
“Bakı şəhərində və ümumilikdə Azərbaycanda hazırda adambaşına düşən mənzil sahəsi təxminən 21-22 kvadratmetr təşkil edir. Bu göstəricini Avropa ölkələri ilə müqayisə etmək mümkün deyil. Hətta MDB ölkələri, eləcə də Türkiyə kimi qonşu dövlətlərlə müqayisədə də kifayət qədər aşağıdır. Məsələn, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus kimi ölkələrlə müqayisədə bu sahədə geridə qalırıq. Bu baxımdan yanaşsaq, Azərbaycanda il ərzində inşa olunan tikinti sahəsinin miqdarına və adambaşına düşən göstəricilərə əsasən, ən azı əlavə 10 kvadratmetr mənzil sahəsinə ehtiyac var. Bu ehtiyacı qarşılamaq üçün ümumilikdə təxminən 95-100 milyon kvadratmetr əlavə mənzil sahəsinin tikilməsi tələb olunur. Mövcud tikinti tempini nəzərə alsaq, bu həcmin formalaşması üçün təxminən 40 ilə yaxın vaxt lazım gəlir. Məsələyə sırf statistik tərəfdən baxanda, hesab edirəm ki, Azərbaycanda tikintiyə hələ ehtiyac var”.
Ramil Osmanlı
Ramil Osmanlı əlavə edib ki, bu məsələdə digər mühüm amillər də nəzərə alınmalıdır:
“Bu gün əhalinin böyük bir hissəsi köhnə yaşayış fondlarında – sovet dövründən qalmış binalarda və fərdi yaşayış evlərində yaşayır. Bakı şəhərində bu tip evlərin əksəriyyəti artıq söküntü planına düşmüş binalardır. Həmin yaşayış sahələrində mənzil ölçüləri kifayət qədər kiçikdir. Ümumiyyətlə, köhnə yaşayış fondlarında adambaşına düşən mənzil sahəsi ölkə üzrə orta göstəricidən təxminən iki dəfə aşağıdır. Köhnə yaşayış fondları tədricən azaldıqca onların yerini yeni yaşayış binaları tutur. Yeni tikilən çoxmənzilli binalarda isə mənzillərin sahəsi daha geniş olur və nəticədə adambaşına düşən mənzil sahəsi də artır. Bu baxımdan məsələyə yanaşdıqda görürük ki, Azərbaycanda hələ uzun illər tikinti sektoruna ehtiyac olacaq”.
Ekspertin sözlərinə görə, daşınmaz əmlak sektoruna yönələn investisiyalar da bu prosesi sürətləndirən amillərdəndir:
“İnvestisiya qoyuluşlarının həcmi, investisiya məqsədilə alınan daşınmaz əmlaklar və digər faktorları da nəzərə alsaq, demək olar ki, tikinti prosesi yaxın illərdə də davam edəcək. Doğrudur, müəyyən dövrlərdə bazardakı vəziyyətdən və iqtisadi şəraitdən asılı olaraq tikinti tempində azalma və ya artım müşahidə oluna bilər. Lakin ümumi tendensiya onu göstərir ki, tikinti sektoru fəaliyyətini davam etdirəcək”.
Zaira Akifqızı
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.