Birləşmiş Ərəb Əmirlikləri İranın hücumlarına cavab olaraq ilk dəfə bu ölkəyə zərbə endirib.
Aznews.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
Məlumata görə, zərbə dəniz suyundan duzun və digər həll olunmuş maddələrin çıxarılaraq suyun içməli və təsərrüfat məqsədləri üçün yararlı hala gətirildiyi duzsuzlaşdırma (opresnitel) kompleksinə endirilib.
Bu hadisə fonunda Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi də rəsmi bəyanat yayıb. Nazirliyin nümayəndələri bildiriblər ki, İran İnqilab Keşikçiləri Korpusu ölkəyə 238 ballistik raket və 1422 pilotsuz uçuş aparatı buraxıb.
Onların sözlərinə görə, bu hücumların böyük hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Belə ki, 221 raket və 1342 pilotsuz uçuş aparatı ələ keçirilərək məhv edilib.
Bəyanatda qeyd olunub ki, hücumlar nəticəsində BƏƏ-də dörd nəfər həlak olub. Onların Pakistan, Nepal və Banqladeş vətəndaşları olduğu bildirilir. Daha 112 nəfər müxtəlif dərəcəli xəsarətlər alsa da, sağ qalıb.