Korpus rəhbərliyi ölkənin böyük raket ehtiyatlarına malik olduğunu və uzunmüddətli intensiv müharibə aparmaq imkanına sahib olduğunu bildirir...
Poliqon xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin ən azı altı ay davam edə biləcək genişmiqyaslı müharibə aparmağa hazır olduğunu bəyan edib. Bu barədə “The Times” nəşri SEPAH-dakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, korpus rəhbərliyindən olan yüksək rütbəli nümayəndə İranın böyük həcmdə raket ehtiyatlarına malik olduğunu bildirib. Onun sözlərinə görə, ölkənin hərbi strukturları mövcud əməliyyat tempində belə uzunmüddətli və intensiv hərbi qarşıdurmaya hazır vəziyyətdədir.
SEPAH nümayəndəsi qeyd edib ki, İran İslam Respublikasının silahlı qüvvələri və təhlükəsizlik strukturları “ən azı altı ay davam edə biləcək tammiqyaslı və yüksək intensivlikli müharibə şəraitində fəaliyyət göstərmək üçün tam hazırlıqlıdır”.
Bildirilib ki, İranın raket proqramı və hərbi sənaye potensialı ölkənin müdafiə strategiyasının əsas sütunlarından biridir. Tehran uzun illərdir ki, müxtəlif tipli ballistik və qanadlı raketlərin hazırlanmasına və istehsalına xüsusi diqqət ayırır.
Ekspertlərin fikrincə, SEPAH-ın bu bəyanatı regionda artan gərginlik fonunda həm potensial rəqiblərə mesaj, həm də İranın hərbi imkanlarını nümayiş etdirmək məqsədi daşıyır. Analitiklər hesab edir ki, Tehran bu cür açıqlamalarla ölkənin uzunmüddətli müharibə ssenarilərinə hazır olduğunu göstərməyə çalışır.
Poliqon.info