AZ

Azərbaycanlı deputat Ərdoğanın kürəkənini sərt tənqid etdi

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Musa Quliyev “Turkuvaz” Media Qrupunu və onun rəhbəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrakı sərt tənqid edib.

 

Senzor.az bildirir ki, APA-ya verdiyi müsahibədə millət vəkili Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin unikal olduğunu və iki ölkə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın siyasəti sayəsində formalaşdığını xatırladıb. O qeyd edib ki, Bakı ilə Ankara arasındakı müttəfiqlik təkcə dövlətlər tərəfindən deyil, həm də hər iki ölkənin cəmiyyətləri tərəfindən dəstəklənir.

 

M.Quliyev bütün bunların fonunda Türkiyədə fəaliyyət göstərən və Azərbaycan əleyhinə ritorika yayan qüvvələrdən narahatlığını bildirib. O, “Turkuvaz” Media Qrupunun fəaliyyətini nümunə kimi göstərərək, onun müntəzəm olaraq Azərbaycan və onun rəhbərliyini tənqid edən materiallar dərc etdiyini bildirib: “Aparıcı media qruplarından olan “Turkuvaz” media qrupunun gündəminə nəzərə yetirsək, aydın olur ki, bu qrup tərəfindən Azərbaycana qarşı müntəzəm surətdə şər-böhtan kampaniyası aparılır. Azərbaycan məqsədyönlü şəkildə ləkələnir və ölkəmizin rəhbərliyi təhqir olunur. Təəccüb doğuran isə odur ki, “Turkuvaz” qrupunun rəhbəri Berat Albayrak Prezident Ərdoğanın ailəsinin yaxın üzvüdür. Bu şəxs ciddi nöqsanlarına görə vaxtilə Türkiyə Prezidenti tərəfindən bütün vəzifələrindən azad edilmişdi. Lakin energetika naziri olduğu dövrdə belə Azərbaycana qarşı qruplaşmaların ön sırasında yer alırdı. Bu gün isə o hələ də türk ictimai rəyində malik olduğu güclü təsir imkanlarından həmin məqsədlər üçün istifadə edir. Təəccüblü deyil ki, Türkiyədə bu gün də bir sıra media resursları tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın başında “Turkuvaz” qrupu dayanır”.

 

Millət vəkili qeyd edib ki, bu cür fəaliyyət ciddi narahatlıq doğurur, çünki bu, iki ölkə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirə bilər.

 

O hesab edir ki, Türkiyənin müvafiq orqanları bu cür nəşrlərə diqqət yetirməli və onlara qiymət verməlidirlər.

 

M.Quliyev həmçinin vurğulayıb ki, Türkiyə xalqını təmsil edən parlamentin ölkəmiz əleyhinə fəaliyyətlərə alət edilməsi də hiddət doğurmaya bilməz: “Türkiyə Böyük Millət Məclisinin çətiri alında gizlənən bir sıra şəxslər Azərbaycana, dövlətimizin başçısına qarşı qərəzli ittihamlar səsləndirir, reallığı təhrif etməkdən çəkinmirlər. Bu yalanlar isə yenə də Türkiyə mətbuatına ayaq açır və ictimai rəyə təsir göstərir. Parlament üzvü olan Ömer Faruk Gergerlioğlu adlı şəxsin ölkəmiz və Prezident İlham Əliyev haqda növbəti absurd fikirləri də bu çərçivədə qiymətləndirilməlidir.

 

Bütün bunlar isə yuxarıda qeyd etdiyimiz kimi, dövlətin qətiyyətini və ardıcıl mövqeyini ön plana çıxarır. Və bizim Türkiyəyə münasibətdə nümayiş etdirdiyimiz eyni həssaslığı Türkiyədən gözləməyə tam haqqımız var. Düşünürük ki, Türkiyə dövləti iki qardaş ölkə arasında nifaq yaratmağa çalışan bu ünsürlərə qarşı təxirəsalınmaz tədbirlər görməlidir. Unutmayaq ki, vaxtilə Türkiyə Prezidentinin xahişi ilə Azərbaycanda anti-Ərdoğançı şəbəkə və FETÖ-çu qruplaşmalara aid olan insanlar zərərsizləşdirilmiş və onların bir çoxu Türkiyə tərəfinə təhvil verilmişdi. Ölkəmiz əleyhinə Türkiyədə fəaliyyət göstərən şəxslər də eyni qaydada Azərbaycana təhvil verilməlidir. Türkiyə Böyük Millət Məclisinə sığınaraq, ölkələrimizin və xalqlarımızın birliyinə xələl gətirən, təhqir səsləndirməkdən çəkinməyən şəxsin "toxunulmazlığı" ləğv edilməli və ona münasibətdə həbs tədbirləri görülməlidir. İctimai rəyi Azərbaycan əleyhinə yönləndirən media qruplarının dağıdıcı fəaliyyətinin qarşısı alınmalıdır. Bu kimi tədbirlər yalnız Azərbaycan-Türkiyə birliyinə zərər yetirməyə çalışanların planlarını pozmayacaq. Daha vacib olan məqam budur ki, bunlar həm də Türkiyədə Azərbaycan əleyhinə aparılan kampaniyanın məqsədyönlü şəkildə vahid bir mərkəzdən idarə olunduğu haqda fikirlərin üstündən xətt çəkəcək, bu kampaniyanın sadəcə müxtəlif qruplaşmaların fəaliyyətinin nəticəsi olduğunu nümayiş etdirəcək”.

Seçilən
7
1
senzor.az

6Mənbələr