Baltik dənizində insident baş verib.
Musavat.com xəbər verir ki, İsveç hakimiyyəti Sankt-Peterburqa doğru hərəkət edən “Caffa” adlı yük gəmisini saxlayıb.
Məlumata görə, gəmi Mərakeşin Kasablanka limanından Rusiyanın Sankt-Peterburq şəhərinə gedirmiş və martın 10-da ora çatmalı imiş.
“Caffa” rəsmi olaraq Qvineya bayrağı altında üzsə də, İsveç hakimiyyəti və dəniz analitikləri onu faktiki olaraq “bayraqsız gəmi” kimi qiymətləndirir. Bildirilir ki, gəmi saxta bayraqdan istifadə edir. Qeyd olunur ki, bu gəmi 2017-ci ildən 2025-ci ilin iyununa qədər Rusiya bayrağı altında üzüb.
Gəminin İsveçin ərazi sularından keçidi “dinc keçid” kimi qiymətləndirilməyib. Bundan əlavə, gəminin sığortasının olub-olmaması da şübhə altındadır.
Qeyd olunur ki, “Caffa” 2025-ci ilin noyabrından Ukraynanın sanksiya siyahısına daxil edilib. Gəmi 2025-ci ilin iyulunda işğal olunmuş Sevastopoldan Suriyaya taxıl daşınmasında iştirak etməkdə ittiham olunur.
Musavat.com