AZ

Növbəti HƏDƏF Pezeşkiandır! Azərbaycanla Türkiyə proseslərə QOŞULACAQ? - SENSASİON AÇIQLAMA

“Diqqəti cəlb edən məsələlərdən biri də Türkiyə və Azərbaycanın dövlət başçılarının İran prezidentinə protokoldan əlavə münasibət göstərməsidir. Bu, müəyyən mənada əlavə siyasi mesaj kimi də başa düşülə bilər.”

Musavat.com xəbər verir ki, bu sözləri “Tv Musavat”ın canlı efirində Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn deyib. O bildirib ki, son hadisələr fonunda region ölkələrinin liderləri arasında baş verən bu cür jestlər diplomatik mesaj kimi də qiymətləndirilə bilər.

Eks baş nazir qeyd edib ki, son günlər İran prezidenti Məsud Pezeşkianın Tehranda küçələrdə görünməsi də müzakirələrə səbəb olub. Onun sözlərinə görə, sosial şəbəkələrdə suallar yaranır ki, belə gərgin şəraitdə İran prezidentinin açıq şəkildə görünməsinə baxmayaraq niyə ona qarşı hücum edilmir.

Pənah Hüseyn bildirib ki, bəzi ehtimallara görə hədəflərdən biri İran rəhbərliyinin yüksək vəzifəli nümayəndələri ola bilər. Bununla belə, o qeyd edib ki, Türkiyə və Azərbaycanın İranla mövcud kommunikasiya imkanları bu məsələdə müəyyən həssaslıq yarada bilər.

Eks baş nazir vurğulayıb ki, regionda uzunmüddətli sabitliyin təmin olunması məsələsində Türkiyə və Azərbaycanın rolunu nəzərə almamaq mümkün deyil. Onun fikrincə, İranla münasibətlər kontekstində də bu iki ölkənin iştirakı və mövqeyi olmadan davamlı regional sabitliyin qurulması çətin görünür.

Pənah Hüseyn əlavə edib ki, gələcək mərhələdə Türkiyə və Azərbaycanın bu proseslərə daha fəal şəkildə münasibət bildirməsi və müxtəlif formalarda iştirak etməsi mümkündür. Onun sözlərinə görə, Azərbaycan ictimai rəyində də Ankara və Bakı faktorunun tez-tez gündəmə gəlməsi təsadüfi deyil.

Eks baş nazir qeyd edib ki, hazırda dünya baş verən hadisələr qarşısında müəyyən mənada şok yaşayır. Onun sözlərinə görə, qlobal güclər – xüsusilə ABŞ və İsrail – İran kimi hərbi və texnoloji baxımdan daha zəif hesab olunan bir ölkə ilə qarşıdurma vəziyyətindədir.

Pənah Hüseyn bildirib ki, İranın müqavimətinin davam etməsi proseslərin gedişinə ciddi təsir göstərə bilər. Onun fikrincə, əgər bu müqavimət uzansa, bu, geosiyasi vəziyyətin müəyyən istiqamətdə dəyişməsinə səbəb ola biləcək mühüm faktor kimi ortaya çıxa bilər.

Eks baş nazir həmçinin qeyd edib ki, hücumların ilk günlərində İran daxilində etnik, sosial və ya siyasi zəmində etirazların başlanacağı gözlənilirdi. Lakin hələlik belə genişmiqyaslı proseslər müşahidə olunmur.

Pənah Hüseyn əlavə edib ki, eyni zamanda İran şəhərlərində ali dini lider Əli Xameneiyə dəstək aksiyalarının keçirildiyi barədə məlumatlar yayılıb. Onun sözlərinə görə, bunu yalnız repressiv təşkilatlanma ilə izah etmək düzgün olmaz; görünür ki, hakimiyyət müəyyən dərəcədə daxili gücünü nümayiş etdirməyə çalışır.

Sonda o vurğulayıb ki, ABŞ və İsrail rəhbərliyinin İran cəmiyyətinə ünvanladığı çağırışlara baxmayaraq, hələlik ölkə daxilində genişmiqyaslı xalq etirazları müşahidə olunmur.

Verilişdən həmin hissəni təqdim edirik: 

Musavat.com

Seçilən
131
50
musavat.com

10Mənbələr