ABŞ Prezidenti Donald Trump bildirib ki, İran Yaxın Şərqdəki qonşularından üzr istəyərək onlara qarşı artıq atəş açmayacağına söz verib. Metbuat.az xəbər verir ki, bu barədə o, "Truth" şəbəkəsində məlumat yayıb. Trampın sözlərinə görə, bu vəd ABŞ və İsrailin davamlı hücumlarından sonra verilib.ABŞ prezidenti iddia edib ki, İran regionu nəzarətə götürmək və Yaxın Şərqi idarə etmək niyyətində idi. O, həmçinin qeyd edib ki, bu hadisələr İranın minlərlə il ərzində ilk dəfə olaraq region ölkələrinə uduzması kimi qiymətləndirilə bilər.Trump əlavə edib ki, bəzi tərəflər ona təşəkkür etdiklərini bildiriblər və o da buna cavab olaraq “Xoşdur” deyib. ABŞ prezidenti vurğulayıb ki, İran artıq “Yaxın Şərqin zorba dövləti” deyil və uzun illər regionda zəif mövqedə qala bilər.Trump həmçinin bildirib ki, İranın davranışlarına görə ölkəyə qarşı daha sərt addımların atılması məsələsi nəzərdən keçirilir və bəzi yeni hədəflər də müzakirə olunur:"Bu gün İran çox ağır zərbə alacaq! İranın pis davranışlarına görə, tam məhv və qaçılmaz ölüm ehtimalı ciddi şəkildə nəzərdən keçirilir və indiyə qədər hədəf alınması düşünülməyən bəzi bölgələr və insan qrupları artıq mümkün hədəf kimi nəzərdən keçirilir".