AZ

“İranda molla rejimi buna görə dəyişməyəcək” KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son dövrlər İranda baş verən ictimai-siyasi hadisələr, ölkə daxilində artan narazılıqlar və regiondakı gərginlik fonunda Tehranda mövcud dini-siyasi idarəetmə sisteminin, molla rejiminin gələcəyi yenidən müzakirə mövzusuna çevrilib.

Bəs mövcud proseslər rejim dəyişikliyi ilə nəticələnə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, İran rejiminin dəyişdirilməsi göründüyündən daha mürəkkəb prosesdir.

Tural Abbaslı

Onun sözlərinə görə, İranda əhalinin rejimdən narazı hissəsi kifayət qədərdir və zaman-zaman geniş etiraz aksiyaları baş verib:

“İranda əhalinin rejimə qarşı kifayət qədər narazılığı var və müəyyən dirəniş də mövcuddur. Hələ bu müharibədən əvvəl də, ondan əvvəlki dövrlərdə də ölkədə genişmiqyaslı etiraz aksiyaları keçirilib. Hətta həmin etirazlar zamanı İran rejimi minlərlə insanı qətlə yetirdi, minlərlə insan isə həbs edildi. Bu proseslər davam edir”, – deyə o, bildirib.

Partiya sədrinin sözlərinə görə, bir müddət əvvəl baş örtüyünü düzgün bağlamadığı iddiası ilə saxlanılan bir qadının polis bölməsində ölümü də İranda kütləvi etirazlara səbəb olmuşdu.

Abbaslı qeyd edib ki, buna baxmayaraq, xarici müdaxilə təhlükəsi yarananda İran cəmiyyətində fərqli tendensiya müşahidə olunur:

“12 günlük müharibədən sonra İran əhalisi xarici aqressiyaya qarşı daha çox birlik nümayiş etdirdi. Həmin dövrdə ABŞ və İsrail İran ərazisində müxtəlif hədəflərə zərbələr endirir və eyni zamanda əhalini küçələrə çıxaraq rejimi devirməyə çağırırdı. Lakin həmin hadisələrdən sonra küçələrdə olan insanlar belə yenidən aksiyalara qoşulmadılar”.

Onun fikrincə, xarici müdaxilə zamanı cəmiyyət adətən dövlətçilik mövqeyindən çıxış edir:

“Adətən belə hallarda insanlar vahid vətən ideologiyası ətrafında birləşir və küçələrə çıxmırlar. Hətta bəzi şəhərlərdə rejimi dəstəkləyən aksiyalar və mitinqlər keçirildi. Müxtəlif mərasimlərdə də kütləvi iştirak müşahidə olunurdu”, – deyə o, əlavə edib.

Tural Abbaslı hesab edir ki, hazırkı vəziyyətdə ABŞ və İsrailin zərbələri fonunda İran daxilində geniş xalq hərəkatının yaranması real görünmür:

“İnanmıram ki, ABŞ və İsrailin İranı bombaladığı bir vaxtda insanlar küçələrə çıxaraq rejimi dəyişməyə çalışsınlar. Belə məqamlarda insanlarda daha çox vətən müharibəsi anlayışı formalaşır və heç kim ölkənin ağır günündə siyasi maraqlar güdmək istəmir”, – deyə partiya sədri vurğulayıb.

Onun sözlərinə görə, yalnız xarici zərbələr və bombardmanlar rejim dəyişikliyinə gətirib çıxarmır:

“Hamı bilir ki, İranın şəhərlərini raket və avia zərbələrlə bombalamaqla rejimi dəyişmək mümkün deyil. Əksinə, bu cür addımlar rejimin daha da möhkəmlənməsinə səbəb ola bilər.

İrana qurumlu müdaxilə olmadan və ya əhalinin kütləvi şəkildə küçələrə çıxmadığı halda yalnız bombardmanlarla rejimi dəyişmək mümkün deyil”, – deyə o, qeyd edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
konkret.az

2Mənbələr