AZ

Almaniya Azərbaycanda sülhü və sabitliyi ardıcıl dəstəkləyir

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqının isə ölkəmizə geosiyasi marağı artır

Almaniya hər zaman Cənubi Qafqazda sülhü qətiyyətlə dəstəkləyib və regionda sabitliyin tərəfdarı olub. Bu sülhə sadiqlik hazırda da əlaqələrimizin genişlənən aspektlərində özünü göstərir. Məhz həmin səbəbdən rəsmi Berlinlə Bakı arasındakı əlaqələr hazırda inkişaf davam edir. İkitərəfli formatı ötən bu əlaqələr birbaşa Avropa İttifaqı (Aİ) miqyaslı xarakter alır. Qitə miqyaslı təhlükəsizlik memarlığının yenidən formalaşdığı hazırkı dövrdə rəsmi Bakının mövqeyi Avropa institutları tərəfindən yüksək qiymətləndirilir.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Almaniya Federativ Respublikasına işgüzar səfəri qeyd olunan strateji xəttin məntiqi davamıdır. Səfər çərçivəsində aparılan müzakirələr Azərbaycanın Aİ ilə əməkdaşlığı, Almaniya–Azərbaycan münasibətlərinin inkişaf perspektivləri və Cənubi Qafqazda sülh gündəliyini tam əhatə edib. Dövlət nümayəndəsi səfər proqramına uyğun olaraq Almaniyanın yüksək rütbəli dövlət rəsmiləri ilə mühüm görüşlər keçirib.

Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət naziri Günter Krixbaum, Prezidentin xarici siyasət üzrə müşaviri Volfqanq Dold, kanslerin xarici və təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Aleksander Eberl ilə danışıqlar baş tutub. Paralel olaraq, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet, Almaniya–Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mirze Edis, qrupun digər üzvləri, həmçinin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner ilə məhsuldar fikir mübadiləsi aparılıb. Qeyd olunan təmaslar vasitəsilə strateji məqsədlərin uzlaşdırılması təmin edilir.

Rəsmi Bakının yürütdüyü xarici siyasət kursu regionda təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə xidmət edir. Aİ institutları yaranmış reallıqları qəbul edərək, Azərbaycanı ən etibarlı tərəfdaş qismində dəyərləndirir. Şərqlə Qərb arasında yaranan geosiyasi qütbləşmə şəraitində respublikamız təmkinli diplomatiya nümayiş etdirərək, qlobal güclərin toqquşma meydanına çevrilməkdən tamamilə yayınıb. Əksinə, enerji təhlükəsizliyi, alternativ nəqliyyat dəhlizlərinin inkişafı, logistika imkanlarının genişlənməsi fonunda respublikamızın strateji çəkisi artır. Qitə dövlətlərinin enerji təchizatında yaranan risklər müstəvisində dövlətimiz əvəzedilməz ölkəyə çevrilib.

Məhz yuxarıda qeyd edilən görüşlərin gündəliyi də həmin qlobal maraqların uzlaşdırılmasını nümayiş etdirir. Qərbin siyasi mərkəzləri, xüsusən də Berlin idarəçiləri başa düşürlər ki, Cənubi Qafqazda davamlı sülh yalnız Azərbaycanın milli maraqları çərçivəsində təmin oluna bilər. Şərqlə Qərb arasında ticarət marşrutlarının kəsişməsində yerləşən ölkəmiz tranzit əhəmiyyətini iqtisadi dividenddən böyük geosiyasi təsir rıçağına çevirməyi bacarıb. Asiya qitəsindən başlayan logistik zəncirin fasiləsizliyini təmin edən əsas halqa məhz Xəzər dənizi hövzəsidir. Qlobal miqyaslı nəqliyyat marşrutlarının təhlükəsizliyini qorumaq xüsusi peşəkarlıq tələb edən amildir. Xüsusilə də Orta Dəhliz konsepsiyasının aktuallaşması fonunda respublikamızın daşıdığı missiya daha qlobal əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti həmin missiyanın öhdəsindən layiqincə gələrək, transkontinental yük daşımalarının alternativsiz mərkəzinə çevrilib.

Ermənistanla aparılan sülh danışıqları prosesində Almaniyanın tutduğu mövqe xüsusi diqqət tələb edən məqamlardandır. İndi isə azad edilmiş ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası məsələlərində alman texnologiyalarının cəlb edilməsi qarşılıqlı maraq doğuran amillərdəndir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan meqalayihələr xarici investorlar üçün böyük potensial vəd edir. Almaniyanın aparıcı korporasiyalarının həmin proseslərə cəlb olunması ikitərəfli əlaqələri qırılmaz iqtisadi tellərlə bağlayacaq.

Diplomatik təmasların mütəmadi xarakter alması siyasi etimad mühitinin dərinləşdiyini göstərir. Parlament diplomatiyası çərçivəsində Bundestaq təmsilçiləri ilə keçirilən görüşlər qanunverici orqanlar səviyyəsində informasiya mübadiləsinin aparılmasını asanlaşdırır. Alman deputatların regiondakı proseslər barədə obyektiv məlumatlandırılması radikal erməni diasporunun anti-Azərbaycan təbliğatını zərərsizləşdirir. Eyni zamanda, Avropa Komissiyası daxilində qərarların qəbulu mexanizmində Almaniyanın həlledici səsə malik olması rəsmi Berlinlə dialoqun əhəmiyyətini qat-qat artırır.

* * *

Avropa coğrafiyasında baş verən hərbi-siyasi böhranlar fonunda enerji resurslarının diversifikasiyası xüsusi önəm daşıyır. Azərbaycan karbohidrogen ehtiyatlarını Qərb bazarlarına çıxarmaqla qitə dövlətlərinin iqtisadi təməllərini qorumağa mühüm töhfə verir. Xəzər dənizindən başlayan və Avropanın dərinliklərinə qədər uzanan enerji infrastruktur layihələri qitə dövlətlərini enerji böhranından sığortalayır. Xüsusən də alternativ enerji növlərinə keçid mərhələsində respublikamızın təklif etdiyi “yaşıl enerji” resursları bütöv regionun iqtisadi modelini müsbətə doğru dəyişdirəcək. “Yaşıl enerji” potensialının mənimsənilməsi və ixracı sahəsində Qərb şirkətlərinin respublikamıza axını müşahidə edilir.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin AFR rəsmiləri ilə təmasları, sadəcə, diplomatik protokol qaydalarının icrası sayılmamalıdır. Səfər müddətində müzakirəyə çıxarılan hər məsələ gələcək iqtisadi və siyasi layihələrin təməlini təşkil edir. Məhz rəsmi Bakının balanslaşdırılmış xarici siyasəti sayəsində regiona kənar müdaxilələrin qarşısı alınır, sabitliyin bərqərar olması sürətlənir.

Almaniya Federativ Respublikası hökuməti də Azərbaycanın mövqeyinə anlayışla yanaşaraq, əməkdaşlığı dərinləşdirmək əzmində olduğunu nümayiş etdirir. İmzalanması gözlənilən yeni strateji tərəfdaşlıq sazişi kontekstində rəsmi Berlinin mövqeyi həlledici xarakter daşıyır. Hesab edilir ki, Şərq Tərəfdaşlığı proqramının ən səmərəli iştirakçısı məhz Azərbaycandır. Hərbi əməliyyatlardan sonrakı dövrdə bərpa işlərinin sürətlə aparılması Avropa mərkəzlərində rəğbətlə qarşılanır. Təkcə iqtisadi sferada qeydə alınan göstəricilər yekun hədəflərin ciddiliyindən xəbər verir.

Mürəkkəb geosiyasi oyunların getdiyi indiki mərhələdə heç kəsdən asılı vəziyyətə düşmədən, milli maraqların sərt müdafiə olunması mükəmməl dövlətçilik strategiyasının əsas göstəricisidir. Təsadüfi saymaq olmaz ki, Qərb dünyasının aparıcı siyasi xadimləri rəsmi Bakı ilə hesablaşır, mütəmadi məsləhətləşmələr aparır. Diplomatik korpusun Almaniyada reallaşdırdığı təmaslar sadəcə informasiya mübadiləsi xarakteri daşımır, eyni zamanda, qlobal sülh memarlığının mühüm detallarını ehtiva edir. Şərqlə Qərb arasında möhkəm strateji tranzit qovşağı rolunu oynayan dövlətimiz Avropa məkanının təhlükəsizlik qarantına çevrilib.

Regionda diktə edən tərəf kimi gücümüz artır, diplomatik qələbələrimiz isə iqtisadi-siyasi potensialımızı daha da möhkəmləndirir. Mövcud vəziyyət sübuta yetirir ki, dünyanın siyasi nizamının yenidən qurulduğu şəraitdə qalib Azərbaycan beynəlxalq münasibətlər sisteminin ən vacib ölkəsi qismində çıxış edir.

Yusif ŞƏRİFZADƏXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr