“İranın martın 5-də Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ərazisində törətdiyi terror hadisəsindən dərhal sonra beynəlxalq ictimaiyyətin reaksiyası gecikmədi. Dünyanın müxtəlif ölkələri və siyasi dairələri bu hücumu qınayan bəyanatlar verərək Azərbaycanın yanında olduqlarını açıq şəkildə nümayiş etdirdilər. Eyni zamanda Prezident İlham Əliyevin mövqeyinə dəstək ifadə olundu. Bu dəstək təsadüfi deyil. Çünki Azərbaycan uzun illərdir yürütdüyü siyasətlə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına real töhfə verən dövlət kimi tanınır. Bakı təkcə bəyanatlar verməklə kifayətlənməyib, sülh və əməkdaşlıq siyasətini praktiki addımlarla sübut edib”.
Bunu Azreform.info -a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Azərbaycanın əsas strateji xətti regionda sabitlik, əməkdaşlıq və təhlükəsizliyin möhkəmləndirilməsidir. “Bunun ən mühüm nümunələrindən biri İrəvanla sülh sazişi istiqamətində atılan addımlar və bu sazişin ratifikasiyası ilə bağlı irəli sürülən təşəbbüslərdir.
Bununla yanaşı, Azərbaycan Avrasiya coğrafiyasında yeni əməkdaşlıq platformalarının formalaşmasına da ciddi töhfə verir. Enerji layihələri, nəqliyyat dəhlizləri, iqtisadi əməkdaşlıq formatları və regional dialoq təşəbbüsləri regionu qarşıdurma zonasından əməkdaşlıq məkanına çevirməyə xidmət edir.
Məhz buna görə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın təcrübəsi bir çox ölkələr tərəfindən öyrənilir və nümunə kimi təqdim olunur”, - o vurğulayıb.
Deputat əlavə edib ki, lakin regionda bu müsbət proseslər fonunda İranın molla rejimi fərqli istiqamətdə hərəkət edir: “Dərin siyasi və iqtisadi böhranla üzləşən Tehran rəhbərliyi sanki “batıramsa hamını batırım” prinsipinə əsaslanan təhlükəli siyasət yürütməyə çalışır.
Bu siyasətin məqsədi böhranın coğrafiyasını genişləndirmək və region ölkələrini də gərginlik spiralına çəkməkdir. Son dövrlərdə xüsusilə Turkey və Azerbaijan istiqamətində təxribat xarakterli addımların atılması da məhz bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir.
Halbuki həm Bakı, həm də Ankara son hadisələr zamanı problemin dialoq və danışıqlar yolu ilə həlli üçün maksimum səylər göstərmişdi. Hətta hərbi əməliyyatlardan sonra İran tərəfinə humanitar dəstək də göstərilmişdi. Lakin bunun qarşılığında Azərbaycan terror hadisəsi ilə üzləşdi.
Prezident İlham Əliyev baş verən hadisəni açıq şəkildə terror aktı kimi qiymətləndirərək Tehrana ciddi xəbərdarlıq etdi. Dövlət başçısı bildirdi ki, bu hadisəyə görə məsuliyyət daşıyanlar cəzalandırılmalı, rəsmi üzr istənilməlidir.
Prezidentin mesajı aydın idi: Azərbaycan öz ərazisinə qarşı yönəlmiş belə təxribatları cavabsız qoymayacaq.
Lakin İran rəhbərliyi yaranmış vəziyyətdən çıxmaq və münasibətləri gərginləşdirməmək üçün üzr istəmək və obyektiv araşdırma aparmaq əvəzinə yenə də riyakar mövqe sərgiləyir.
İran prezidenti Məsud Pezeşkian və ölkənin xarici işlər naziri Abbas Əraqçinin açıqlamaları bu mövqenin açıq göstəricisidir. Bu bəyanatlar məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil”.
Deputat bildirib ki, molla rejimi yürütdüyü bu siyasətlə özünü təcridə və məhvə sürükləyir:
“Molla rejimi anlamalıdır ki, bu cür siyasət İranı çıxılmaz vəziyyətdən xilas etməyəcək. Əksinə, ölkəni daha da dərin böhran və beynəlxalq təcridə aparacaq.
Təhdid dili, təxribat və terror metodları heç bir nəticə verməyəcək. Əksinə, İranın regionda və dünyada mövqelərini daha da zəiflədəcək.
Bu gün dünya açıq şəkildə görür ki, bir tərəfdə sülh və əməkdaşlıq siyasəti yürüdən Azərbaycan var, digər tərəfdə isə gərginliyi artıran və regionu təhlükəyə sürükləyən Tehran rejimi.
Tarix göstərir ki, bu cür siyasətlərin sonu heç vaxt uğurlu olmur. İranın molla rejimi də bu yolla yalnız özünü daha böyük uçuruma sürükləyir.
Günün birində isə İran xalqı öz sözünü deyəcək və dünyəvi dövlət qrumaq üçün ayağa qalxacaq. Çünki heç bir xalq sonsuza qədər təcrid, gərginlik və böhran içində yaşamaq istəmir.
Azərbaycan isə öz yolunu artıq seçib: sülh, əməkdaşlıq və sabitlik yolu. Və bu yol dünya birliyi tərəfindən dəstəklənir”.
Mürtəza