AZ

Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi ayrılmış avtobuslarla davam etdirilir

İran tərəfindən dron hücumunun həyata keçirilməsi regionda təhlükəsizlik mühitinə ciddi təsir göstərən hadisə kimi qiymətləndirilməlidir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana yönəlmiş bu cür çirkin addım beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər baş verən hadisəyə dövlət səviyyəsində verilən siyasi qiyməti aydın şəkildə ortaya qoydu. Rəsmi qurumların mövqeyi də hadisənin mahiyyətini aydın şəkildə ifadə edir. Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin yaydığı məlumatlar hücumun təsadüfən baş vermədiyini göstərir. Bildirilir ki, Azərbaycan ərazisinə olunan bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və birbaşa olaraq regionda gərginliyin artmasına xidmət edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib.

O bildirib ki, Azərbaycanın dövlət siyasətində qonşularla münasibətlər qarşılıqlı hörmət prinsipi üzərində qurulub. Azərbaycan heç vaxt qonşu dövlətlərə qarşı təxribat siyasəti yürütməyib. Əksinə Azərbaycan regional əməkdaşlığın genişlənməsi üçün davamlı təşəbbüslər irəli sürüb. Bu baxımdan Naxçıvanda baş verən hadisə İranın onsuz da sarsılan beynəlxalq imicinə daha da mənfi təsir göstərən addım kimi dəyərləndirilir. Ancaq istənilən halda ölkənin suveren ərazisinə yönəlmiş hər hansı hücum cavabsız qala bilməz. Azərbaycan öz təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbiri imkanlarına malikdir.

Beynəlxalq müstəvidə verilən reaksiyalar da diqqətdən kənarda qalmır. Bir sıra ölkələr Azərbaycanın suverenliyinə hörmət edilməsinin vacibliyini açıq şəkildə vurğuladı. Şübhəsiz ki, bu mövqe regionda gərginliyin genişlənməsinin qarşısını almağa yönəlmiş mühüm diplomatik siqnaldır: “Azərbaycan Xarici İşlər Nazirliyi öz dəstəyini və narahatlığını ifadə edən bütün ölkələrə təşəkkür paylaşımı da edib. Ümumilikdə isə baş verənlərə qarşı ölkəmizin mövqeyi dəyişməz olaraq qalır. Dövlət təhlükəsizliyin təmin edilməsini prioritet məsələ hesab edir. Bu məqsədlə siyasi vasitələrdən istifadə olunur. Diplomatik fəaliyyət davam etdirilir. Zərurət yaranarsa, müdafiə imkanları da işə salına bilər”, - deyə U.Mirzəyev bildirib.

QHT sədri vurğulayıb ki, Naxçıvan məktəblisinin sosial şəbəkələrdə yayılan videosu hadisənin emosional tərəfini bir daha xatırlatmış oldu. Söhbət Naxçıvanın dron hücumuna məruz qalan Şəkərabad kənd orta məktəbinin 11-ci sinif şagirdi Fidan Babayevanın çağırışından gedir: “O öz çağırışında dünyaya səslənir və çirkin hücumu emosional şəkildə pisləyir. Axı, o uşaqların, mülki əhalinin nə günahı var? Bütövlükdə Azərbaycan xalqının bu məsələyə nə aidiyyəti var? Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi axı biz ölkə başçısı səviyyəsində İran səfirliyinə gedib başsağlığı verən yeganə ölkə olduq. Axı, biz sizə, sizin insanınıza təmənnasız dəstək göstərən ölkə olduq”.

“Heç kəsə sirr deyil ki, Azərbaycan cəmiyyəti bu kimi məqamlarda hər zaman möhkəm həmrəylik nümayiş etdirir. İnsanlar dövlətin təhlükəsizliyi məsələsində vahid mövqedən çıxış edir. Elə məhz bu birlik Azərbaycanın gücünün əsas dayaqlarından biridir”, - deyə Umud Mirzəyev bildirib.

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr