Strateji əhəmiyyətə malik investisiyalar dövlət tərəfindən alınacaq
Prezident İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” Qanuna müvafiq dəyişiklikləri təsdqiləyib. Dəyişikliyə əsasən, investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları müəyyənləşib. Belə ki, strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınması nəzərdə tutulur. İnvestisiyaların birbaşa dövlət tərəfindən alınmasının əvəzində investorlara kompensasiya ödənilməsi təmin olunacaq. Kompensasiya investisiya müqaviləsində müəyyən edilmiş qaydada, ədalətli bazar dəyərinə uyğun müəyyən olunacaq və gecikdirilmədən xarici investisiya üçün sərbəst dönərli valyutada, yerli investisiya üçün isə investisiyanın qoyulduğu valyutada ödəniləcək. Burada başlıca məqsəd strateji əhəmiyyətə malik olan investisiyalarla bağlı dövlətin milli maraqlarının qorunması, xalqının mənafelərinə zərər vuran halların qarşısının alınmasıdır. Beləliklə, strateji əhəmiyyət daşıyan sərmayə resursları ilə əlaqədar dövlətin xüsusi nəzarəti və imtiyazlarına əsaslanan hüquqi baza formalaşacaq.
Dövlətin milli iqtisadi təhlükəsizliyi naminə
Məlumdur ki, investisiyalar investordan dövlət tərəfindən 2 əsasla - dövlət ehtiyacları üçün və rekviziya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alınır. Hər iki halda investisiyanın dəyəri kompensasiya ödənişinin edilməsi yolu ilə investora ödənilir. Bu isə bir sıra strateji malların investisiyalaşdırılması zamanı milli maraqlara və iqtisadi təhlükəsizliyə qarşı bəzi hallar yaradır. İqtisadi təhlükəsizlik dövlətin milli təhlükəsizliyinin əsas atributlarından biridir.
Son illərdə Azərbaycan iqtisadiyyatının struktur və məzmunca xeyli dəyişməsi, meydana çıxan yeni çağırışlar fonunda yeni tənzimləmələrin aktuallaşması iqtisadiyyatın strukturunun, biznes mühitinin təkmilləşməsini zəruri etdiyi kimi, investisiya cəlbediciliyinin artırılması baxımından da digər addımların atılmasını labüdləşdirir. Bu baxımdan Azərbaycanda iqtisadi təhlükəsizlik sahəsində mühüm tədbirlərin görülməsi üçün hüquqi əsasların yaradılmasına ehtiyac yaranmışdı və yeni dəyişiklik bu kimi halların qarşısı almış olacaq.
Bu dəyişikliklər Azərbaycanda xarici investisiyaların daha etibarlı qorunması üçün də mühüm hüquqi əsaslar yaradacaq. Eyni zamanda ölkəmizdə güclü ictimai-siyasi sabitlik fonunda sərmayələrin təşviqini artıracaq.
Sərmayələrin təşviqi və investorların hüquqlarının qorunması
Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının artmasında ən mühüm amillərdən biri ölkədə təmin edilmiş sağlam və münbit investisiya mühitidir. Bu istiqamətdə respublikamızda həyata keçirilən hüquqi və institisional islahatlar mühüm rol oynamaqdadır. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən, ölkə iqtisadiyyatına investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu ssenariyə uyğun olaraq biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlər görülüb ki, bu da xarici sahibkarların fəaliyyətində yeni mərhələnin başlanmasına səbəb olub. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunların qəbul edilməsi, Rəqabət Məcəlləsinin qüvvəyə minməsi sərmayə cəlbediciliyini artırıb.
Azərbaycan hökumətinin bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalaması da investisiya qoyuluşunu təşviq etməkdədir. Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb ki, həmin dövlətlərin investorlarının ölkəmizin iqtisadiyyatında potensial sərmayədar kimi xüsusi payı artmağa başlayıb.
Beləliklə, qeyd edilən təşviqedici tədbirlər, dövlətin xarici investorlara olan dəstəyi biznes sektorunun və beynəlxalq maliyyə qurumlarının Azərbaycana olan marağını yüksəldir. Ümumilikdə, 2003-2025-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi təxminən 340 milyard dolları təşkil edib ki, onun 170 milyard dolları xarici investisiyalardır.
Azərbaycanın investisiya reytinqi “BBB” səviyyəsinə yüksəlib
Məhz bu tədbirlər sayəsində Azərbaycanın beynəlxalq miqyasda investisiya cəlbediciliyi yüksəlib. “Standart & Poor’s” və “Moods” reytinq agentlikləri Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investorlarının daim diqqət mərkəzindədir.
Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrində investisiya cəlbediciliyi mühiti ilə bağlı 2024-cü ilə dair hesabatında Azərbaycanı ən yaxşı ölkələr qrupunda qərarlaşdırıb. Belə ki, ölkəmiz ən yaxşı investisiya mühitinə malik “Top-7” qrupunda yer alıb. BVF-nin reytinqində xarici investorlar üçün əlverişli münbit iş şəraitinin yaradılması, bütün hüquqi təminatlarla əhatə olunması təqdir edilir.
Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mindən artıqdır. Təkcə 2024-cü ildə Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub.
E.CƏFƏRLİ