AZ

Naxçıvana endirilmiş hava zərbələri İrandakı anti Azərbaycan ünsürlərin əməlidir Cavanşir Feyziyev

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Regionda davam edən müharibə fonunda sərhəd təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir. Qonşuluqda geniş miqyaslı hərbi əməliyyatların getdiyi bir vaxtda region ölkələri üçün risklər də artır.

Globalinfo.az xəbər verir ki, bunu “The Daily Baku”ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputatın sözlərinə görə, faktiki olaraq İran hakimiyyətinin region dövlətlərini hədəfə alması bu ölkənin müdafiə qabiliyyətini zəiflədir. O qeyd edib ki, Naxçıvana endirilmiş hava zərbələri İran hakimiyyətində təmsil olunan anti Azərbaycan mövqeli qüvvələrin əməli kimi qiymətləndirilə bilər.

“İran hakimiyyətinin məntiqsiz izahları hadisəni tam başa düşməyə imkan vermir. Buna görə də hücumun məqsədli xarakter daşıdığı ehtimalı daha yüksək görünür. Xüsusilə nəzərə alsaq ki, uzun illər ərzində İran rejimi mütəmadi olaraq Azərbaycanı təhdid edib, son hadisələrin təsadüfi olmadığı qənaəti güclənir”, deyə deputat vurğulayıb.

Cavanşir Feyziyev hesab edir ki, İran hakimiyyəti Naxçıvana hücumla bağlı qısa müddət ərzində ağlabatan izah təqdim etməli və beynəlxalq hüququn tələblərinə uyğun addımlar atmalıdır.

“Təcavüzkarı cəzalandırmaq üçün Azərbaycan bütün zəruri vasitələrə malikdir və belə bir zərurət yaranacağı halda müvafiq addımlar atılacaq”, deyə o əlavə edib.

Deputat qeyd edib ki, hazırda regionda baş verən hadisələri sadəcə gərginlik kimi qiymətləndirmək düzgün deyil.

“Əslində bu, ağır silah və sursatların istifadə olunduğu real müharibədir. Regionun mühüm logistika mərkəzlərindən biri olan Cənubi Qafqaz tərəflər arasında gedən hərbi əməliyyatlara region ölkələrindən hər hansı birinin cəlb olunacağı təqdirdə ciddi şəkildə təsirlənə bilər”, deyə o bildirib.

Bununla yanaşı, Cavanşir Feyziyev Cənubi Qafqaz ölkələrinin münaqişəyə birbaşa və ya dolayı şəkildə qoşulması ehtimalının aşağı olduğunu qeyd edib.

“Şübhə yoxdur ki, hər bir müharibə yalnız döyüşən tərəflər üçün deyil, bütövlükdə region üçün də risk və çağırışlar yaradır. Bu baxımdan Cənubi Qafqazın üç ölkəsi müəyyən dərəcədə təsirə məruz qala bilər. Lakin bu təsirin uzunmüddətli və ciddi olacağı gözlənilmir”, deyə deputat bildirib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri regionda yarana biləcək istənilən ssenariyə hazırdır.

Cavanşir Feyziyev əlavə edib ki, bütün müharibələr gec və ya tez diplomatik danışıqlar yolu ilə başa çatır.

“Bu müharibə də istisna deyil. Gec-tez tərəflər hərbi əməliyyatların dayandırılması barədə razılığa gələcəklər. Azərbaycan hər zaman tərəflərə vasitəçilik xidmətlərini təklif edib. Lakin görünür ki, hazırda tərəflər hələlik sülh danışıqlarına hazır deyillər”, deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
105
3
globalinfo.az

4Mənbələr