İran Avropa İttifaqına mümkün hərbi müdaxilə ilə bağlı sərt mesaj göndərib. Tehran bildirib ki, əgər Avropa ölkələri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşularsa, onlar da İranın cavab tədbirlərinin hədəfinə çevrilə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi “France 24” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, İran artıq Avropa ölkələrini və digər tərəfləri mümkün nəticələr barədə xəbərdar edib.
Diplomat qeyd edib ki, Tehran Avropa paytaxtlarına açıq şəkildə mesaj göndərərək onları ehtiyatlı olmağa və İrana qarşı aparılan hərbi əməliyyatlara qoşulmamağa çağırıb. O vurğulayıb ki, əgər hər hansı ölkə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlara dəstək verərsə, həmin ölkə də İran tərəfindən legitim hədəf hesab ediləcək.
“Biz artıq avropalılara və digər tərəflərə məlumat vermişik ki, ehtiyatlı olsunlar və İrana qarşı aparılan bu aqressiv müharibəyə qoşulmasınlar. Əgər onlar kömək etsələr – konkret ölkələrin adını çəkmək istəmirəm – lakin ABŞ və İsrailin İrana qarşı aqressiyasına qoşulan hər hansı ölkə, şübhəsiz ki, İranın cavab tədbirlərinin qanuni hədəfinə çevriləcək”, – deyə Məcid Taxt-Rəvançi bildirib.
Sara