Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"İranın Azərbaycanın Naxçıvan bölgəsinə pilotsuz təyyarə hücumlarını həyata keçirdiyini başa düşmək çətindir. Aydındır ki, İran Azərbaycanın İsraillə yanaşı dünyanın ən güclü hərbi güclərindən biri olan Amerika Birləşmiş Ştatları ilə hərbi münaqişəyə cəlb olunmasını istəmir. Lakin İranın atdığı addımlar o qədər təhrikedici oldu ki, bildiyimiz kimi, Azərbaycanın hərbi qüvvələri artıq İranla sərhədə doğru yönəlib və yüksək hazırlıq vəziyyətinə gətirilib".
Bu barədə Redaktor.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza danışdı.
"Prezident Əliyev bəyanatında İranın niyə Azərbaycana hücum edə biləcəyinə eyham vurdu. Prezident Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ərazisi İrana qarşı hər hansı əməliyyat aparmaq üçün heç bir ölkə tərəfindən istifadə edilmir. Əlbəttə, prezident ölkənin adını çəkmədən İsraili nəzərdə tutur. Çünki İran uzun müddətdir ki, Azərbaycanı İsrailin İrana qarşı kəşfiyyat və digər əməliyyatları Azərbaycan ərazisindən həyata keçirməsinə icazə verməkdə ittiham edir. Bu baxımdan, Prezident Əliyevin mesajı aydındır: belə bir fəaliyyət baş vermir və buna görə də Azərbaycan ərazisinə hücum etmək tamamilə əsassızdır", - deyə diplomat qeyd etdi.
Müsahibimizin fikrincə, İranın motivasiyası əgər bu, rasional və sistemli planın bir hissəsidirsə, qonşu ölkələrdə, onların iqtisadiyyatlarında və beynəlxalq logistika xətlərində iğtişaş yaratmaq cəhdi ola bilər:
"Məsələn, Türkiyəyə doğru yönəlmiş raketin Ceyhan neft terminalı istiqamətində getdiyi ehtimal edilirdi. Məlumdur ki, İran tərəfindən Körfəz regionunda və Omanda neft infrastrukturu və nəqliyyat obyektlərinə qarşı bir çox hücum həyata keçirilib. Bu baxımdan məqsəd Azərbaycanın cəmiyyətində və iqtisadiyyatında geniş narahatlıq yaratmaq, eyni zamanda regional və qlobal tədarük zəncirlərini pozmaq ola bilər. Belə bir ssenari ABŞ-də siyasi təsirlərə də hesablanmış ola bilər. Əgər qlobal tədarük zəncirləri pozulmağa davam etsə və neft qiymətləri artsa bu, ABŞ-də Respublikaçılar Partiyasının noyabr ayında keçiriləcək aralıq seçkilərində mövqelərinə mənfi təsir göstərə bilər. Beləliklə, bu cür təzyiqlər nəticəsində Prezident Donald Trampın İrana qarşı daha yumşaq mövqe tutmasına nail olmaq hədəflənə bilər. Bu, yalnız ehtimaldır.
Digər tərəfdən, ehtimal olunur ki, bu hadisələr keçmiş ali lider Əli Xameneinin bir neçə həftə əvvəl verdiyi göstərişdən sonra baş verib. Həmin göstərişə əsasən, yüksək rütbəli komandirlərin öldürülməsi və ya ali rəhbərliyin sıradan çıxması halında hərbi qərarların qəbul edilməsi səlahiyyətinin aşağı səviyyələrə ötürülməsi nəzərdə tutulurdu. Bu isə İranın Azərbaycana, son günlər Türkiyəyə və Kiprə qarşı həyata keçirdiyi bəzi hücumların səbəblərindən biri ola bilər. Bu hücumlar rasional hərbi plan baxımından tam məntiqli görünməsə də, müxtəlif bölgələrdə fəaliyyət göstərən ayrı-ayrı komandirlərin öz təşəbbüsləri ilə atdığı addımların nəticəsi ola bilər".
Onun sözlərinə görə, Prezident Əliyevin sərt bəyanatı onun İran tərəfindən şəxsi səviyyədə xəyanətə uğradığını hiss etdiyini göstərir:
"Prezidentin sözlərinə görə, regionda müharibənin başlanmasından sonra İranın ali rəhbərliyinə qarşı həyata keçirilən hücumlardan sonra başsağlığı vermək üçün İran səfirliyini ziyarət edən yeganə dövlət başçısı o olub. Bundan əlavə, İran tərəfi iranlıların təxliyəsi üçün Azərbaycandan kömək istəyib. Prezident İlham Əliyev isə təyyarə göndərib və bunun üçün heç bir ödəniş tələb olunmayacağını bildirib. Lakin bir neçə saat sonra İran tərəfindən Azərbaycana hücum edilib. Bu isə baş verənlərin məntiqini daha da çətin izah olunan hala gətirir".
Keçmiş səfirin fikrincə, bu hadisə Azərbaycanın İrana qarşı müharibəyə başlamasına gətirib çıxaracaq:
"Görünən odur ki, Prezident İlham Əliyevin əsas gözləntisi İran tərəfindən rəsmi üzrün istənilməsidir. Lakin vəziyyəti İran üçün daha da çətinləşdirən məqam ondan ibarətdir ki, Azərbaycan İranla sərhəd boyunca hərbi qüvvələrini səfərbər etdiyi bir vaxtda Vaşinqtondan Prezident Donald Trampın kürd silahlı qruplarını silahlandırmağı nəzərdən keçirdiyinə dair xəbərlər yayılır. Bu qrupların sonradan İran ərazisində fəaliyyət göstərə biləcəyi iddia olunur. Şəxsən mən bunun çox təhlükəli fikir olduğunu düşünürəm. Belə bir addım İranda ciddi qeyri-sabitliyə və hətta vətəndaş müharibəsinə səbəb ola bilər".
Xədicə BAXIŞLI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.