AZ

Nankorluğun pik nöqtəsi

Martın 5-də İran Naxçıvan Muxtar Respublikasının mülki infrastrukturuna qarşı törətdiyi dron hücumları ilə bir daha öz nankorluğunu nümayiş etdirdi. Bununla da  molla rejimi Azərbaycana münasibətində heç vaxt səmimi və dürüst olmadığını yenidən ortaya qoydu.

Xatırladaq ki, birinci dəfə deyil ki, molla rejimi Azərbaycana qarşı terror aktları həyata keçirir. Belə ki, bir müddət bundan əvvəl, daha doğrusu,  2023-cü il yanvarın 27-də ölkəmizin Tehrandakı səfirliyi terror aktına məruz qalmışdı. O vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi: səfirlik İrandan təxliyə edilmiş, bütün diplomatik əlaqələr dayandırılmış,  İran ölkəmizdən  üzr istəməyə məcbur edilmiş, terror aktını törədənə ən ağır cəza da verilməsinə nail olmuşdu. Baş vermiş bu olayın arxasında İran dövlətinin dayanmaısı şəksiz idi.  Şübhəsiz, elə son hadisə də İran tərəfindən dövlət səviyyəsində həyata keçirilib.

Halbuki balanslaşdırılmış siyasət həyata keçirən rəsmi Bakı həmişə İrana qarşı həssas davranışı ilə diqqət mərkəzində olub. Hətta ən gərgin geosiyasi şəraitdə belə öz torpaqlarından üçüncü tərəflərin İrana qarşı istifadə etməsinə icazə verməyib. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etməyib. Hətta fevral ayının 28-dən başlanan məlum hadisələrdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırdı. Bununla da ölkəmiz həmişə dar gündə qonşularına kömək göstərməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Bu da ölkəmizin gərginliyin yumşaldılması istiqamətində ciddi səylər göstərdiyini bir daha sübut edir. Xatırladaq ki, ölkəmizin xarici siyasətində əsas prioritet istiqamət qonşularla sülh şəraitində yaşamaqdır.

Amma buna rəğmən, bu şərəfsizlər şər-böhtan kampaniyaları ilə Azərbaycanı ləkələməkdə, gözdən salmaqda davam etməklə yanaşı, beynəlxalq hüquq normalarını pozaraq heç bir əsas olmadan ölkəmizə  qarşı terror aktı da həyata keçirilrər. Siyasətçilərin fikrincə, bu addım rəsmi  Tehranın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını, həmçinin diqqəti öz daxili böhranlarından yayındırmaq istəyini açıq-aydın göstərir.

Prezident İlham Əliyevin martın 5-də Təhlükəsizlik Şurasının iclasındakı çıxışında bu olaya kəskin reaksiyasını nümayiş etdirdi. Hətta Prezident “Dəmir yumruq”u xatırladaraq bildirdi ki, bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar: “Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək”. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini və vətəndaşlarının rifahını hər şeydən yüksək tutur, istənilən xarici təhdidə qarşı həm döyüş meydanında, həm də diplomatik masada ən kəskin cavabı verməyə hazırdır.

Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, əlavə təhlükəsizlik tədbirləri çərçivəsində Tehrandakı səfirliyimizin və Təbrizdəki Baş konsulluğumuzun evakuasiyası barədə göstəriş verilib, çünki vətəndaşlarımızın təhlükəsizliyi diqqət mərkəzindədir.

Dünya liderləri bu olaya biganə qalmadılar. Məsələn, Türkiyənin Xarici İşlər Nazirliyi Türkiyənin hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyini bəyan etdi. Səudiyyə Ərəbistanı Krallığı bildirdi ki, İranın region ölkələrinə qarşı bu cür davranışları təkrarlaması gərginliyin daha da artmasına səbəb olur və regional təhlükəsizliyi və sabitliyi təhdid edir.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd etdi, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini bildirdi. Fransa da İranın Azərbaycana dron hücumunu pisləyən ölkələr sırasında oldu. Bu gün ölkəmizdə səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ölkəsinin bu olayı qətiyyətlə qınadığını bildirməklə yanaşı, Azərbaycanla  həmrəy olduqlarını vurğuladı. Bir sözlə, dünya liderləri Azərbaycanın suverenliyinə olan bu hücumu qlobal sabitliyə hücum kimi dəyərləndirdilər. Bunu da Azərbaycanın beynəlxalq arenada tam dəstəkləndiyinin, güclü mövqeyə və müttəfiqlərə sahib olduğunun təzahürü kimi qiymətləndirmək olar.  

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
71
ikisahil.az

1Mənbələr