AZ

“Azərbaycan qazının 16 ölkəyə çatdırılması güclü mövqeyimizin göstəricisidir” -Günay Ağamalı

"Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin formalaşmasında mühüm söz sahibinə çevrilmiş dövlətdir. Dövlət başçımızın çıxışında vurğuladığı əsas məqam  əməkdaşlıq və qarşılıqlı etimadın enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynamasıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı səsləndirdi.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin başladığı dövrdən ötən 12 il ərzində dünya ciddi siyasi və iqtisadi sınaqlarla üzləşib:

"Müxtəlif müharibələr, enerji böhranları və geosiyasi gərginliklər fonunda bir çox regionlarda enerji təchizatı təhlükə altına düşdü. Lakin bütün bu mürəkkəb şəraitə baxmayaraq, Azərbaycan və tərəfdaş ölkələr bu təşəbbüsü uğurla davam etdirərək onu real nəticələrə çevirməyi bacardılar. Bu gün Azərbaycan qazının artıq 16 ölkəyə çatdırılması ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin nə qədər gücləndiyini aydın şəkildə göstərir".

Millət vəkilinin fikrincə, xüsusi diqqət çəkən məqamlardan biri odur ki, Azərbaycan qazının tədarük olunduğu ölkələrin sayı artmaqdadır:

"Artıq Avropanın bir sıra dövlətləri ilə yanaşı Almaniya və Avstriya kimi ölkələr də Azərbaycan qazını qəbul edən dövlətlər sırasına qoşulub. Bütün bunlar göstərir ki, Azərbaycan Avropa enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi qəbul edilir. Bununla yanaşı, qaz təchizatının Avropa hüdudlarından kənara çıxaraq Suriyaya qədər uzanması Azərbaycanın enerji siyasətində humanitar və strateji yanaşmanın vəhdətini də nümayiş etdirir. İlham Əliyev çıxışında enerji təhlükəsizliyinin yalnız hasilatla məhdudlaşmadığını, eyni zamanda infrastrukturun genişləndirilməsi və yeni bazarların açılması ilə bağlı kompleks yanaşmanın vacibliyini də xüsusi vurğuladı. “Azəri-Çıraq-Günəşli”, “Abşeron”, “Ümid” və “Şahdəniz” yataqlarında planlaşdırılan yeni mərhələlər yaxın illərdə Azərbaycanın qaz hasilatının əhəmiyyətli dərəcədə artacağını göstərir. Bu isə ölkəmizin qlobal enerji bazarında rolunun daha da möhkəmlənəcəyini deməyə əsas verir. Eyni zamanda dövlət başçımız enerji siyasətinin yalnız ənənəvi enerji mənbələri üzərində qurulmadığını, yaşıl enerji istiqamətinin də Azərbaycanın strateji gündəliyində xüsusi yer tutduğunu qeyd etdi".

Günay Ağamalı bildirdi ki, son illər külək və günəş enerjisi layihələrinin həyata keçirilməsi, xarici investisiyaların cəlb olunması və 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat gücündə elektrik enerjisinin əldə olunmasının planlaşdırılması ölkəmizin enerji keçidinə ciddi yanaşdığını göstərir.

"Azərbaycanın enerji siyasəti real imkanlara və strateji hesablamalara əsaslanan praqmatik xətt üzərində qurulub. Ölkə başçımızın qeyd etdiyi kimi, qazıntı yanacaqları ilə bərpa olunan enerji mənbələri arasında balansın qorunması vacibdir. Bu yanaşma enerji təhlükəsizliyinin təmin edilməsində daha dayanıqlı və sabit model formalaşdırır. Digər tərəfdən, Azərbaycanın enerji siyasəti yalnız resursların ixracı ilə məhdudlaşmır. Ölkəmiz həm də regionun mühüm tranzit mərkəzinə çevrilərək Qazaxıstan və Türkmənistan kimi dövlətlərin enerji resurslarının dünya bazarlarına çıxışında da mühüm rol oynayır. Bununla yanaşı, Türkiyə, Serbiya və İtaliyada həyata keçirilən enerji layihələri Azərbaycanın artıq regional deyil, daha geniş coğrafiyada enerji təhlükəsizliyinə töhfə verən ölkə olduğunu göstərir.

Bütün bunlar göstərir ki, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, ölkəmizi qlobal enerji təhlükəsizliyinin əsas iştirakçılarından birinə çevirib. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti gələcək onilliklər üçün enerji sahəsinin inkişaf istiqamətlərini müəyyən edən strateji xəttdir", - deyə o yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
102
1
redaktor.az

2Mənbələr