Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
“İrana qarşı aparılan müharibəni ABŞ üçün “ikinci Vyetnam” hesab edənlər var”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov ABŞ-nin İranda növbəti bir məğlubiyyət yaşaya biləcəyi ilə bağlı yayılan iddiaları şərh edərkən bildirib.

Siyasi şərhçi qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın İranla bağlı tezisi birmənalıdır: ya razılaşma olacaq, ya da mövcud rejim sıradan çıxarılana qədər müharibə davam edəcək.
“Bu tezis ətrafında müxtəlif şərhlər verilir. Bəzi hallarda Trampın siyasətini strateji səhv və ya uğursuzluq kimi dəyərləndirənlərin şahidi oluruq. İrana qarşı müharibəni ABŞ üçün “ikinci Vyetnam” hesab edənlər də az deyil. Lakin düşünürəm ki, məsələyə emosional yanaşmaq doğru deyil”.
Becanov vurğulayıb ki, Vyetnam müharibəsi ilə indiki vəziyyət arasında prinsipial fərqlər var:
“Vyetnam müharibəsində ABŞ-nin rəqibləri Sovetlər Birliyi və Çin idi. Bu gün İranda Rusiya və Çinin maraqlarının olması belə fikirləri gündəmə gətirir. Lakin nə Rusiya keçmiş SSRİ-nin gücünə malikdir, nə də Çin birbaşa müdaxilədə maraqlıdır. ABŞ kimi qüdrətli dövlət strateji əməliyyata başlayarkən təsadüfi addımlar atmır”.
Siyasi şərhçi ABŞ-nin hərbi və texnoloji üstünlüyünə diqqət çəkib:
“ABŞ-nin hərbi-texnoloji gücü və müttəfiq şəbəkəsi göstərir ki, bu qarşıdurma Tramp administrasiyası üçün “ikinci Vyetnam” olacaq resurslara malik deyil. İran isə illərdir davam edən təcrid, iqtisadi çöküş və daxili sosial narazılıqlar səbəbindən çətin durumdadır. İllərlə tətbiq olunan sanksiyalar və teokratik rejimin öz əhalisinə qarşı yürütdüyü siyasət İranın bu müharibədə uzun müddət tab gətirə bilməyəcəyini göstərir. Nə yeni dini lider seçmək, nə də dron hücumları onun potensialını gücləndirəcək”.
Rəfail Becanov yekun olaraq qeyd edib ki, İranın artıq bütün şansları tükənmək üzrədir:
“Qərblə siyasi razılaşmaya getməsə, Tehran yeni və daha ağır siyasi nəticələrlə üzləşəcək. Bu baxımdan, ABŞ-İran müharibəsində “ikinci Vyetnam” ssenarisini istisna edirəm”.
"Cebheinfo.az"
Açar sözlər:
İran ABŞ Rəfail Becanov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.