AZ

Gələsən, yeddi öpüşlə oyadasan məni... Mana Ağayinin şeirləri

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kulis.az Mana Ağayinin bu yaxınlarda Məhəmməd Nurinin farscadan tərcüməsində üzü görən "Gecə monoloqu" kitabından şeirləri təqdim edir.

AŞİQANƏ

Dünyaya gəldim ki,

qiymətli parça görmüş

incə işli usta dərzitək

əl çəkim sənin dərinə,

səyyahı olum bir ömür

İpək Yolunun.

Bütün diqqətimlə ölçərəm səni

qarışbaqarış.

Hər gecə təkrar ölçü götürərəm

belindən,

kürəyindən, qolunun uzunluğundan.

Əsla hazır olmayacaq

bir köynək tikərəm səninçün.

Şairlər çox vaxt üryan yaşar.

Hər dəfə

adını dilimə gətirəndə

düymələrimdən biri düşər.

HEÇ VAXT İNQİLAB ŞAİRİ OLMAYACAĞAM

Heç vaxt inqilab şairi olmayacağam.

Nədən ki, şeirlərim

çörək parası və işçi sinfi əvəzinə

ay parasından,

liftsiz binada yaşayan

və xoşbəxtliyi

bir dibçəyə su verməkdə görən,

xroniki bel ağrısı olan qadından bəhs edir.

Böyük bir gölə yaxın

kimsəsiz məhəlləmizdə

heç kəs üçün əhəmiyyəti yoxdur

Orta Şərqin od içində yandığının.

Burda ilin yarısı qar yağır

və ancaq

buz üstə rəqsi düşünmək olar.

Tək-tük günəşli günləri saymasaq,

buludlu vaxtlarda

işə birlikdə getdiyim

avtobus sürücüsünün mavi gözləri

ən böyük ilham qaynağımdır.

Mənim şeirlərim iddiasız və sadədir

su üzərindəki dairələr misalı

və vəznsizdir yaz çiçəkləritək.

Buna rəğmən yazarkən onları

yüngülləşirəm,

elə bil yük qoymuşam yerə.

OTAQ

Min bir dəfə otaqda addımlamışam.

Min bir dəfə

nağıl danışmışam özümə.

Mən yuxusuz və yorğun

səhrada yol azmışam.

Ayın laylasının

yerin qulağına çatmadığı

boş və qara bir gecədə,

ərəb qızlarıtək

qatı zülmət yağışı altda

diri-diri basdırılmış

ucuz və ulduzsuz bir oteldə

kim eşidər axı Şəhrizadın səsini?

MEYDAN

Hər günəşli və kiçik meydanın

bir fəvvarəsi var qəlbində.

Boş oturacağı

və girişində, pilləkəndə

əli əsalı bir qocanın mürgü döydüyü kilsəsi.

Bir yay günü

addımlayaraq keçərkən ordan,

hündür xurma ağacının altında

əl-ayağını yalamağa girişmiş

bir pişik görərsiniz.

Bu meydanların xırda heykəlləri

hovuzcuqlar ətrafında

qaçmaqdan yorulmuş dəcəl uşaqlardır.

Dən yeyən göyərçinlər

fikir verməzlər

yoldan ötənlərin addım səsinə.

Səyyahlar daş döşəməli küçələrdən keçib,

nəfəslərini dərib

yenə yola düzələrlər.

Çünki bu meydanlarda

qəribə bir əks-səda gələr qulağa.

Uzaqda – daha böyük bir meydanda

onları gözləyən bir saat zənginin əks-sədası.

AĞBƏNİZ VƏ YEDDİ CIRTDAN

Dedin ki, yuxularının gəlini olum,

gələsən, yeddi öpüşlə oyadasan məni.

Qırmızı tilsimi sındırmaq üçün

yeddi dəfə “qara” yazdın

və yeddi dəfə qar altına getdim mən –

dənə-dənə gəlib

göz qapaqlarıma qonsun deyə,

daha da ağarsın deyə

yuxularımın məxməri.

Və nağılın paxıl ögey anaları

özlərini güzgüdə

daha gözəl gördükdüləri zamandan bəri

yeddi gecə-gündüz keçdi üstümdən beləcə.

Deyirəm hər gecə:

bir şahzadə gəlib çıxacaq.

Hər gecə

yeddi cavan at kişnəyir yuxularımda.

Yeddi dəfə yerimdən sıçrayıram

və yeddi kişi görürəm şüşələr ardından –

hamısı cırtdan.

SƏNİ TAPARAM

Get, get, get!

Get, bütün okeanları dolaş,

get, bütün qitələri gəz, amma qayıt!

Qum fırtınasıyla istəmirsənsə,

üzən bir buz layının üstündə get.

Yer yuvarlaqdır, get, amma qayıt!

Yoxsa səni taparam –

istər vikinqlərin dərisi altda gizlən,

istər Afrika qəbilələrində adam ye.

Get!

Burdan ötrü darıxmaq lazım deyil.

İspaniyada bir limandan açıqça göndər.

Gecələr ürəyinə Lorka oxu bir az.

Dəlilərtək gitara çal

məhəllə qadınlarının pəncərəsi altında.

Get, get, get!

Addımını ağır at,

başını dik tut.

Ümidvaram, qonşunun günəşi

daha isti olar.

Azərbaycan rəssamlarının əsərləri Tbilisidə

Məhkəmə Ayşe Barımla bağlı qərar verdi

Gəncə Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
122
2
kulis.az

3Mənbələr