AZ

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır - ŞƏRH

Bakı, 6 mart, AZƏRTAC

Son illərdə qlobal enerji bazarında müşahidə olunan geosiyasi dəyişikliklər, enerji resurslarına tələbatın artması və enerji təhlükəsizliyinin təmin olunması məsələsi Avropa ölkələrinin əsas prioritetlərindən birinə çevrilib. Bu baxımdan Xəzər regionunun zəngin enerji ehtiyatlarının Avropa bazarlarına çatdırılmasını təmin edən Cənub Qaz Dəhlizi layihəsi həm Avropa, həm də region ölkələri üçün strateji əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kacaeli Heydər Əliyev Mədəniyyət mərkəzinin sədri, siyasi ekspert Bilal Dündar bildirib.

Onun sözlərinə görə, hazırda Avropa enerji təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirir və enerji mənbələrinin şaxələndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.

“Cənub Qaz Dəhlizi məhz bu strategiyanın həyata keçirilməsində mühüm rol oynayan layihələrdən biridir. Xəzər regionunun enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında Azərbaycan mühüm rol oynayır. Azərbaycan uzun illərdir ki, beynəlxalq enerji layihələrinin təşəbbüskarı və etibarlı tərəfdaşı kimi çıxış edir. Bu baxımdan Cənub Qaz Dəhlizi ölkənin həyata keçirdiyi uğurlu enerji strategiyasının mühüm tərkib hissəsi hesab olunur. Layihə yalnız enerji təchizatı baxımından deyil, həm də regionda iqtisadi əməkdaşlığın genişlənməsi, infrastrukturun inkişafı və yeni investisiya imkanlarının formalaşması baxımından böyük əhəmiyyət daşıyır. Bu layihə vasitəsilə region ölkələri arasında iqtisadi əlaqələr daha da möhkəmlənir və yeni əməkdaşlıq platformaları yaranır”, - deyə mərkəz sədri əlavə edib.

Bilal Dündar vurğulayıb ki, Cənub Qaz Dəhlizinin əsas hissələrini təşkil edən Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kəmərləri Xəzər regionu ilə Avropa arasında strateji enerji körpüsü rolunu oynayır. Bu kəmərlər vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və bu da qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir.

Onun fikrincə, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə də xidmət edir: “Türkiyə bu layihədə tranzit ölkə kimi mühüm rol oynayaraq Avropa ilə Xəzər regionu arasında enerji əlaqələrinin əsas mərkəzlərindən birinə çevrilib. Gələcəkdə layihə çərçivəsində qaz nəqlinin həcminin artırılması və yeni enerji layihələrinin bu sistemə inteqrasiyası Avropa bazarında enerji sabitliyinin təmin olunmasına əlavə töhfə verəcək. Bununla yanaşı, bu proses region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq və enerji sahəsində əməkdaşlığı daha da genişləndirəcək”.

Bilal Dündar sonda qeyd edib ki, Cənub Qaz Dəhlizi təkcə enerji layihəsi deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında strateji əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm geosiyasi təşəbbüsdür. Onun sözlərinə görə, bu layihə regionda sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunmasına uzunmüddətli töhfə verir.

Seçilən
153
azertag.az

1Mənbələr