AZ

İran müharibəsi qısamüddətli üstünlüklərə baxmayaraq Rusiyanın maraqlarına ziddir

Moskva İsrail və ABŞ-nin hərbi əməliyyatlarını pisləyir, lakin Donald Trampı açıq şəkildə tənqid etməkdən çəkinir. Rusiya strateji əhəmiyyətli tərəfdaşını itirmək riski ilə üz-üzədir...

Müəllif: Маркус Акерет
Neue Zürcher Zeitung nəşri, Almaniya

İsrail və ABŞ-nin hərbi gücü qarşısında Rusiyanın bir neçə hücum helikopteri Mi-28 demək olar ki, heç nə edə bilmir. Bu helikopterlərin ilk partiyası yanvar ayında İranda görünüb. Halbuki bu texnika Ukraynaya qarşı müharibədə Rusiyanın özünə də çox lazımdır. Buna baxmayaraq, Moskva, görünür, Tehrandakı rejimlə müasir silahların tədarükü ilə bağlı əldə etdiyi razılaşmalara əməl edib. Son üç ay ərzində müşahidəçilər Rusiya ilə İran arasında hərbi texnika daşıyan azı onlarla nəqliyyat reysi qeydə alıblar. Bu tədarüklərin detalları isə rəsmi şəkildə heç vaxt açıqlanmayıb.

Lakin bundan artıqını Rusiya edə bilmir. İsrail və ABŞ-nin İrana qarşı apardığı müharibədə Moskva son illərin ən yaxın tərəfdaşlarından birinin bombardman edildiyini və onun rəhbərliyinin məhv edildiyini izləmək məcburiyyətində qalır. Prezident Vladimir Putin Tehrana yaxın əlaqələri, ABŞ prezidenti Donald Trampa bəslədiyi ümidlər və Ukraynaya qarşı genişmiqyaslı müharibə başlatmaq qərarı səbəbindən mürəkkəb vəziyyətə düşüb. Müharibə qısa müddətdə Rusiyaya müəyyən fayda versə də, Putini ciddi dilemmalar qarşısında qoyur və regionda Moskvanın strateji mövqelərinin daha da zəifləməsi riskini yaradır.

Xameneinin ölümü ilə bağlı sərt sözlər

Məhz bu səbəbdən Kremlin reaksiyası nisbətən ehtiyatlı olub. Putin kəskin bəyanatları birbaşa özü deyil, əsasən Xarici İşlər Nazirliyi vasitəsilə səsləndirməyə üstünlük verir. Nazirliyin nümayəndələri ABŞ və İsrailin hərbi əməliyyatlarını “Vaşinqton və Təl-Əvivin İrana qarşı təcavüzü” və regionda gərginliyin növbəti mərhələsi adlandırırlar. Onlar hücumları “təxriksiz” və beynəlxalq hüququn pozulması kimi qiymətləndirirlər. Lakin bu cür bəyanatlar Rusiyanın özünün artıq dörd ildir qonşu ölkəyə qarşı apardığı müharibə fonunda daha az inandırıcı səslənir.

Putin isə Trampın ünvanına birbaşa tənqiddən yayınır. Son aylarda ABŞ-nin Venesuelada diktator Nikolas Maduronu saxlaması və ya Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək təhdidləri belə Kremlin açıq qəzəbinə səbəb olmayıb, baxmayaraq ki, bu hadisələr də Rusiyanın maraqlarına toxunurdu. Bununla belə, İran lideri Əli Xameneinin ölümü ilə bağlı Putin bir qədər sərt danışıb. O, İran prezidenti Məsud Pezeşkiana göndərdiyi başsağlığı teleqramında baş verənləri “insan əxlaqının və beynəlxalq hüququn bütün normalarının kinli şəkildə pozulması ilə törədilmiş qətl” adlandırıb.

Xameneinin ölümü Putində köhnə qorxuları da oyadır. Bu hadisə ona Liviya lideri Muəmmər Qəddafinin taleyini xatırladır. Vaxtilə Qərb siyasətçilərinin qəbul etdiyi bu diktatorun sonu Rusiya prezidentinə güclü təsir etmişdi. Həmin vaxt Putin Qərbi hiyləgərlikdə ittiham etmişdi — daha sonra Ukraynada Viktor Yanukoviçin devrilməsi zamanı da eyni ittihamları səsləndirmişdi. Berlin Karnegi Mərkəzinin analitiki Aleksandr Baunov qeyd edir ki, Xamenei məsələsində Putinin uzunmüddətli ideoloji müttəfiqinin ölümündə rol oynayan şəxs onun başqa bir tərəfdaşı sayılan Tramp olub.

Baunovun fikrincə, Putin Trampı əvvəlki ABŞ prezidentlərindən fərqli — başqa ölkələrin liderlərini devirməyə çalışan müdaxiləçi siyasətçi olmayan bir lider kimi görürdü. Lakin o, bu məyusluğu açıq şəkildə etiraf etmək istəmir. Putin və Rusiya elitasının bir hissəsi hələ də Trampı bir fürsət kimi qiymətləndirir. Onlar həm ikitərəfli münasibətlərdə, həm də Ukraynada mümkün sülh danışıqları və dünyanı təsir dairələrinə bölmək məsələsində “bərabər böyük dövlətlər siyasətinə” ümid edirlər. Məhz buna görə də Kreml ABŞ-yə yönələn tənqidi əsasən Xarici İşlər Nazirliyinə həvalə edir.

Ukrayna müharibəsində İranın vacib dəstəyi

Venesuela məsələsində Rusiya bunu ABŞ-nin öz yarımkürəsində baş verən hadisə kimi təqdim edə bilirdi. İranla bağlı vəziyyət isə fərqlidir — həm coğrafi, həm də geosiyasi baxımdan. İran BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. Rusiya və Çin bu təşkilatları Qərbdən asılı olmayan yeni dünya sisteminin dayaqları kimi təqdim edirlər. Xüsusilə Ukraynaya müdaxilədən sonra Qərbin Moskva ilə münasibətləri kəskin şəkildə pisləşdiyi üçün bu ölkələrin rolu Rusiyanın xarici siyasətində daha da artıb. Onların əməkdaşlığı Qərbin Rusiyanı beynəlxalq təcridə salmaq planlarını da qismən puça çıxarıb.

İqtisadi baxımdan İran və digər tərəfdaş ölkələr Rusiyanın sanksiyalar altında tam çökməsinin qarşısını almağa kömək edib. İran xüsusilə müharibənin ilk ilində mühüm rol oynayıb. Digər ölkələr sanksiyalardan yayınmaq üçün daha çox imkan versələr də, Qərb məhdudiyyətləri ilə uzun illər yaşama təcrübəsi Tehrana bu sahədə xüsusi üstünlük verib və bu təcrübə Moskva üçün bir növ model rolunu oynayıb.

Bundan da vacibi hərbi əməkdaşlıq olub. İranın pilotsuz uçuş aparatları olmadan Rusiyanın Ukraynaya qarşı dron müharibəsi tamamilə fərqli görünə bilərdi. “Shahed” dronları Rusiyanın idxal etdiyi əsas silah sistemlərindən biri oldu və İran raketlər də tədarük etdi.

Vaxt keçdikcə texnologiya ötürülməsi əsasən başa çatdı. Rusiya indi bu dronların “Geran” adlı öz versiyalarını istehsal edir və onları daim təkmilləşdirir. Bu getdikcə sıxlaşan əməkdaşlıq 2025-ci ilin yanvarında imzalanmış strateji tərəfdaşlıq müqaviləsi ilə də təsdiqlənib, baxmayaraq ki, həmin sənəddə qarşılıqlı hərbi yardım öhdəliyi nəzərdə tutulmayıb.

Dubay da artıq təhlükəsiz sığınacaq deyil

Xammal qiymətlərinin artması, Ukrayna müharibəsindən diqqətin yayınması və ABŞ-nin hərbi resurslarının bir hissəsinin Yaxın Şərqə yönəlməsi Rusiyaya qısamüddətli üstünlüklər verir. Lakin Putini bu müharibənin gizli qalibi adlandırmaq hələ tezdir. Müharibə Moskvanın regionda təsir göstərdiyi mühüm tərəfdaş rejimlə əməkdaşlığı təhlükə altına qoyur. Əgər bu rejim süqut edərsə və İran ABŞ-nin təsir dairəsinə keçərsə, bu Rusiya üçün ciddi strateji itki olacaq.

Artıq indidən Dubayın göydələnlərinə dəyən raket və dron zərbələri ruslar arasında qalan son illüziyaları da dağıdır. İsraildən sonra vaxtilə təhlükəsiz hesab olunan bu şəhərlər, Rusiya-Ukrayna müharibəsindən uzaqlaşmaq üçün seçilən məkanlar indi yeni döyüş meydanlarına çevrilir.

Poliqon.info

Seçilən
42
50
poliqon.info

10Mənbələr