AZ

Milli süni intellekt platforması

“Sozly” süni intellekt infrastrukturunun formalaşmasına töhfə verəcək

Azərbaycanda dövlət qurumları və iri şirkətlər (B2G/B2B) üçün nəzərdə tutulmuş “Sozly” multimodal süni intellekt platforması istifadəyə verilib. Qlobal süni intellekt alətlərindən (ChatGPT və s.) fərqli olaraq, “Sozly” məxfi sənədlərin xarici “bulud” serverlərinə sızması təhlükəsini kökündən həll edir. Sistem internet bağlantısı tələb etmədən, tam oflayn rejimdə qurumun yalnız daxili lokal serverlərində (on-premise) çalışır. Bu da məlumat sızıntısı riskini 0 faizə endirir. “Sozly” idarəetmə və korporativ mühitdə süni intellekt texnologiyalarının təhlükəsiz, lokal və məxfi şəkildə tətbiqi üçün hazırlanmış platformadır. Birbaşa yerli mühəndislər tərəfindən ərsəyə gətirilən və Azərbaycan dilinin “milli şüurunu” qoruyan bu sistemin gücü qlobal səviyyədə də təsdiqlənib.

Milli ekosistem qlobal süni intellekt nəhəngi olan NVIDIA tərəfindən də dəstəklənib və şirkət Azərbaycanın rəqəmsal  platformasının potensialını dəyərləndirərək “Sozly”nü  rəsmən “NVIDIA Inception program”ına üzv qəbul edib.

“Sozly”nün əsas funksiyası və imkanları necədir?

“Sozly Knowledge” süni intellekt brendi müəssisələrin daxili “Word”, “PDF” və digər faylları əsasında işləyən, Azərbaycan dilində yüksək dəqiqliklə cavab verən, təhlükəsiz və tam oflayn bilik bazası və sual-cavab sistemi kimi fəaliyyət göstərəcək.

Yeni texnoloji platforma səsi mətnə çevirən (speech-to-text), oflayn rejimdə ağıllı xülasə və parafraz analitikası təqdim edən, Azərbaycan dilində müxtəlif ləhcə və tələffüz variasiyalarını mükəmməl anlaya bilən NLP əsaslı modellərlə çalışan süni intellekt sisteminin modullarını təmin edəcək. Eləcə də məxfi sənədlərin təhlükəsizliyini tam qoruyaraq, 52 dil arasında enterprise səviyyəli, yüksək dəqiqlikli və real vaxt rejimində lokal server üzərində işləyən, tam oflayn avtomatik tərcümə xidməti təqdim edən həll bazası olacaq.

“Sozly Grammar” texnologiası isə Azərbaycan dilində rəsmi və korporativ mətnlərdəki qrammatik və orfoqrafik səhvləri yüksək dəqiqliklə aşkarlayan, tam oflayn rejimdə redaktə və stil təkmilləşdirmə təklifləri verən süni intellekt əsaslı dil yoxlama sistemi kimi xidmətlər göstərəcək. Bundan başqa, vizual analitika bloku üzrə  sistem təhlükəsizlik kameralarından alınan vizual məlumatları, video və şəkilləri indeksləşdirərək, üz və obyekt tanıma funksiyaları ilə arxiv axtarışını saniyələrə endirmək imkanına malikdir. Bununla yanaşı, sistemdə infrastruktur qayğısı olmayacaq ki, bu da müəssisələr üçün ən böyük üstünlük sistemin mürəkkəb server otaqları tələb etməməsidir. Belə ki, “Sozly” müasir çiplərlə təchiz olunmuş “hazır qutu” həlli kimi birbaşa daxili şəbəkəyə qoşula bilir.

Hazırda bir sıra dövlət qurumları tərəfindən uğurla test edilən milli intellekt ekosistemi ilə yaxından tanış olmaq və demo sifariş etmək üçün “www.sozly.ai” elektron resursuna qoşulmağa başlayıb.

Beləliklə, Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanmış “Sozly” platforması yerli bazarın real ehtiyaclarına cavab verməklə, regionda təhlükəsiz və lokal süni intellekt infrastrukturunun formalaşmasına töhfə verəcək.

70 milyon manat dəyərin yaradılması planlaşdırılır

2026-cı il ərzində digər süni intellekt platforması - “Concierge”nin yaradılması da nəzərdə tutulur. Yeni platforma xarici ölkələrdən Azərbaycana gələn şəxslər üçün süni intellekt həlli deməkdir. Platformanın əsas məqsədi ölkəyə gələn əcnəbilərin informasiya əldə etmə prosesini sadələşdirmək və dövlət xidmətlərinə çıxışı daha operativ etməkdir. Məqsəd müxtəlif qurumların təqdim etdiyi məlumatları bir mərkəzdə toplamaq və süni intellekt vasitəsilə daha aydın, strukturlaşdırılmış formada çatdırmaqdır.

Ötən il qəbul edilmiş “Süni İntellekt Strategiyası” sənədinə əsasən, ölkəmizdə süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək hədəflənir.

Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır.

Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər görüləcək.

Yeni strategiyanın icrası Azərbaycanı süni intellekt texnologiyalarının inkişafı sahəsində regionda liderlər sırasına daxil edəcək və ölkənin rəqəmsal inkişafına mühüm töhfə verəcək. Bu strategiya, həmçinin süni intellekt ekosisteminin formalaşdırılması və ölkənin qlobal süni intellekt platformalarında aktiv iştirakını təmin etmək üçün bir yol xəritəsi kimi çıxış edəcək.

Eləcə də, rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üzrə milli strategiya sənədinə əsasən, süni intellekt əsaslı həllər vasitəsilə 70 milyon manat dəyərin yaradılması planlaşdırılır. Bütün bu amillər Azərbaycanda robot və süni intellekt klasterlərinin yaradılması sahəsində bölgədə fiber-rəqəmsal habı formalaşdıracaq.

E.CƏFƏRLİ

Seçilən
120
1
yeniazerbaycan.com

2Mənbələr