AZ

Brüsseldə səlahiyyət “küləkləri” əsir

Kallas–Fon der Lyayen gərginliyinin pərdəarxası nüansları

Dünya siyasətində baş verən sürətli dəyişikliklər Avropa İttifaqının (Aİ) daxili idarəetmə mexanizmləri ilə bağlı ciddi narahatlıqlar doğurur. Qlobal böhranlar, regional gərginliklər və təhlükəsizlik riskləri Brüsselin vahid siyasi aktor imicini sınağa çəkir. Birlik daxilində müşahidə olunan fikir ayrılıqları artıq rəhbər şəxslərə sirayət edib. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas arasında əsən “soyuq küləklər” “qoca qitə”nin gündəmindədir. “Politico” nəşri qeyd edir ki, onlar Yaxın Şərqdə cərəyan edən hadisələrə münasibət bildirərkən fikir ayrılıqları yaşayıblar. Prosesin əslində Avropa rəhbərliyində uzun müddətdir mövcud olan institusional gərginliyin növbəti nümayişi olduğunu yazan nəşr, həmçinin iki Avropa rəsmisi arasında səlahiyyət savaşının getdiyini vurğulayıb.

Doğrudan da, Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Avropa İttifaqının reaksiyası gözlənildiyi kimi vahid və koordinasiyalı olmadı. Brüsselin müxtəlif institutları tərəfindən paralel bəyanatların yayımlanması Aİ daxilində bu cür böhranlara kimin siyasi cavab verməli olduğu ilə bağlı suallar yaratdı. Hadisələrin ilk saatlarında Avropa Komissiyasının rəhbərliyi və Avropa Şurası vəziyyətlə bağlı mövqeni müəyyənləşdirmək üçün sürətli diplomatik reaksiya göstərməyə çalışdı. Bununla yanaşı, Aİ-nin diplomatik aparatına rəhbərlik edən ali nümayəndə də öz təşəbbüsü ilə ayrıca açıqlama yayaraq diplomatik həll yollarının araşdırıldığını bildirdi. Paralel reaksiyalar Brüsseldə institusional koordinasiyanın nə qədər mürəkkəb olduğunu açıq şəkildə nümayiş etdirdi. Xarici analitiklərin fikrincə, əsas məsələ mövqelərin hansı institut tərəfindən ifadə edilməsi ilə bağlıdır. Çünki Aİ-nin siyasi arxitekturasına görə, xarici siyasət sahəsində əsas söz sahibi kimi məhz ali nümayəndə çıxış etməlidir. Lakin son zamanlar Avropa Komissiyasının rəhbərliyinin bu sahədə daha fəal rol oynamağa başlaması yeni balans problemi yaradıb.

Aİ-nin idarəetmə mexanizmi dünyanın ən mürəkkəb siyasi sistemlərindən biri hesab olunur. Sistem müxtəlif institutların qarşılıqlı fəaliyyətinə əsaslanır və qərarların qəbulunda balans prinsipinə böyük əhəmiyyət verilir. Tarixi baxımdan beynəlxalq münasibətlər və diplomatik fəaliyyət sahəsi Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin səlahiyyətinə daxil olub. Həmin vəzifəni tutan şəxs Avropa Xarici Fəaliyyət Xidmətinə rəhbərlik edir və Aİ-nin diplomatik fəaliyyətini koordinasiya edir. Lakin geosiyasi proseslərin intensivləşməsi və beynəlxalq böhranların Aİ-nin daxili funksiyalarına təsirinin artması Avropa Komissiyasının rolunu dəyişdirib. Enerji təhlükəsizliyi, iqtisadi sanksiyalar, humanitar yardım, miqrasiya axınları, təchizat zəncirlərinin qorunması və kibertəhlükəsizlik kimi məsələlər getdikcə daha çox Komissiyanın məsuliyyət sahəsinə daxil olur. Bu səbəbdən Brüsseldə səlahiyyət bölgüsü ilə bağlı müzakirələr daha da kəskinləşir.

ARAYIŞ: Kaya Kallas Avropa İttifaqının xarici siyasət rəhbəri vəzifəsinə gəldikdən sonra Brüsseldə yeni siyasi dinamika yarandı. Estoniyanın keçmiş baş naziri kimi o, daha sərt və prinsipial xarici siyasət xətti ilə tanınırdı. Lakin Brüsseldəki institusional reallıq onun bu ambisiyalarını tam şəkildə həyata keçirməsinə imkan vermədi. Komissiya rəhbərliyinin xarici siyasətdə öz səlahiyyətini genişləndirməsi Kallasın fəaliyyət sahəsini faktiki olaraq daraldıb. Avropa Komissiyasının yeni strukturlar yaratması və bəzi diplomatik funksiyaları öz əlində cəmləməsi ciddi narazılıq yaradıb. Bəzi rəsmilər bu münasibətlərin əvvəlki dövrdən də gərgin olduğunu qeyd edir. Hətta Kallasın qapalı müzakirələrdə Fon der Lyayenin idarəetmə üsulunu “həddindən artıq sərt” adlandırdığı barədə məlumatlar da yayılıb. Bu faktlar göstərir ki, iki qadın siyasətçi arasında fikir ayrılığı şəxsi və siyasi ziddiyyətlərin nəticəsidir.

Yeri gəlmişkən, Avropa İttifaqının siyasi sistemi dövlətlərarası kompromis üzərində qurulub. Bu səbəbdən də institusional balans məsələsi Brüsselin siyasətində həmişə həssas mövzu olub. Xarici siyasət isə bu balansın ən mürəkkəb sahələrindən biridir. Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyası son illər bu sahədə daha aktiv rol oynamağa çalışır. Müxtəlif böhranlar zamanı komissiya rəhbərliyi təşəbbüsü ələ almağa və Avropa İttifaqının siyasi mövqeyini formalaşdırmağa cəhd edib. Analitiklərin fikrincə, bu strategiya komissiyanın siyasi təsirini artırsa da, digər institutlarla rəqabəti gücləndirib. Yəni Brüsseldə iki fərqli yanaşma formalaşıb. Bir tərəf hesab edir ki, qlobal böhranlar fonunda Aİ daha mərkəzləşmiş və operativ qərar mexanizminə malik olmalıdır. Digər tərəf isə mövcud institusional balansın qorunmasının vacibliyini vurğulayır.

Sonda vurğulayaq ki, bu mübahisələr sadəcə Brüsselin bürokratik dairələrini əhatə etmir. Hadisələr göstərir ki, institusional rəqabət artıq siyasi liderlər səviyyəsinə yüksəlib və Aİ-nin beynəlxalq imicinə təsir etməyə başlayıb. Başqa sözlə desək, “qoca qitə”də çoxdandır müzakirə olunan məşhur sual yenidən gündəmə gəlir: “Avropaya zəng etmək istəsək, kimə zəng etməliyik?” Bu baxımdan, Kallas ilə Lyayen arasındakı fikir ayrılıqları artıq Aİ-nin institusional gələcəyi ilə bağlı debat kimi qiymətləndirilir. Mövcud reallıq göstərir ki, Aİ daxili idarəetmə modelinin transformasiyası ilə üz-üzədir. Qlobal geosiyasi gərginliklər fonunda Brüssel daha sürətli və koordinasiyalı qərarlar qəbul etməyə çalışır. Lakin proses paralel olaraq institutlar arasında səlahiyyət mübahisələrini də gücləndirir.

İlyas HÜSEYNOV,
siyasi şərhçi

Avropa İttifaqı daxilində mövcud ziddiyyətlər bəzən ayrı-ayrı şəxslər səviyyəsində açıq şəkildə özünü göstərir. Müşahidə edirik ki, Ursula Fon der Lyayen ilə Kaya Kallas arasında da müxtəlif məqamlarda fikirlərin üst-üstə düşmədiyi hallar baş verir. Bu onu deməyə əsas verir ki, İttifaq daxilindəki ziddiyyətlər kifayət qədər dərindir. Müxtəlif məsələlərin həlli prosesində tərəflər arasında müəyyən səlahiyyət mübarizəsi də hiss olunur. Hər bir tərəf ayrı-ayrı problemlərin həllində daha çox rol oynamağa və təşəbbüsü öz əlində cəmləşdirməyə çalışır. Bu kontekstdə rəqabət elementlərinin də aydın şəkildə üzə çıxdığını görmək mümkündür.

Belə fikir ayrılıqları ümumilikdə Avropa İttifaqının nüfuzuna mənfi təsir göstərir. Bu baxımdan onların mövqeləri arasında ciddi kəskin fərqlərin olması arzuolunan hal deyil və daha çox Avropa İttifaqının ümumi maraqları çərçivəsində uzlaşdırılmış yanaşma nümayiş etdirilməlidir. Lakin reallıqda tam əks mənzərə müşahidə olunur. Artıq uzun müddətdir ki, Avropa İttifaqının müxtəlif institutları arasında bu cür kəskin fikir toqquşmaları açıq şəkildə özünü göstərməkdədir.

Nəzrin ELDARQIZI
XQ

Seçilən
27
1
xalqqazeti.az

2Mənbələr