AZ

“İnsanın sahibkarlıq qabiliyyəti yoxdursa, bu sahədə uğurlu ola bilməz” - Azad İbrahimov

Bəzi ideyaların sadəcə danışıq olaraq qaldığı, digərlərinin isə şirkətlərə çevrildiyi bir dünyada, həmin yolu keçmiş insanla həmsöhbət olmaq xüsusilə dəyərlidir. Bugünkü müsahibimiz iyirmi ildən artıq təcrübəyə malik sahibkar, ATO SLIM LUXE şirkətinin qurucusu və sahibi, böhranlardan, miqyaslı dəyişikliklərdən keçmiş və biznesini uğurla qurmuş şəxsdir. Bu müsahibə sahibkarlığa dürüst bir baxış təqdim edir: risklər, səhvlər və irəliləməyə kömək edən prinsiplər barədə Azad İbrahimov ilə danışdıq.

- Azad müəllim, sahibkarlığa başlama qərarını hansı şərait və ya ehtiyac formalaşdırdı? İlk mərhələdə ən böyük çətinliyiniz nə oldu?

- Düşünürəm ki, sahibkarlıq hər hansı ehtiyacdan formalaşmır. İnsan sahibkar olaraq həyata gəlir. Yeniyetmə əgər ticarətlə məşğul olmaq istəyini bildirirsə, demək həmin uşaqda sahibkarlıq ruhu var. Bu olan halda həmin yeniyetmə düzgün formalaşdırılsa və ona yol göstərilsə, o, sahibkar olacaq. Mənim üçün sahibkar olmağa çətin olmayıb, eyni zamanda, o qədər də asan olmayıb. Öz həyatımdan bir misal gətirə bilərəm. Mənim sahibkarlıq və ticarət barədə anlayışım 15 yaşlarımdan formalaşmağa başladı. İlk mərhələdə mənim üçün asan olmayan məqamlardan biri o idi ki, atam istəmirdi ki, övladı sahibkar olsun. Atam dövlət işində çalışırdı və arzu edirdi ki, mən də hər hansı dövlət qurumunda, idarədə və ya dövlət müəssisəsində vəzifə sahibi olum. Lakin, mən sahibkarlığı seçdim və illər sonra ATO (Azad Tahir Oğlu) SLİM LUXE şirkətini qurdum. Şirkət uzun illərdi ki, Azərbaycanda modern və son nəsil eksklüziv radiator və istilik sistemlərinin satışı ilə məşğuldur. 

Sahibkarlıq statusunu tam olaraq qazanmaq çətin bir işdir. Mən bunu 20 ildən artıq olan təcrübəmə əsasən deyə bilərəm. Düşünürəm ki, insanın kifayət qədər maddi imkanları olsa da,  sahibkarlıq qabiliyyəti yoxdursa, bu sahədə uğurlu ola bilməz.

- Azərbaycanda biznes mühiti ilə bağlı real vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycanda biznes mühiti məncə daha da formalaşmalıdır və bu işdə hər bir sahibkarın rolu var. İlk növbədə sağlam rəqəbət olmalıdır, eyni sahədə işləyən sahibkarlar bir birlərinə düzgün və təmkinlə yanaşsalar, düşünürəm biznes mühitinin vəziyyəti daha yaxşı olar.

- Vergi, kredit, inzibati prosedurlar baxımından hansı problemlər qalır?

- Mən bu sualın cavabını çox qısa vermək istərdim – bir çox problemlər hələ də qalır. Həll olunacaq məsələlər az deyil, təbii ki, sahibkarların dəstəyi ilə. Güclü ölkəmizin və dövlətimizin vətəndaşıyıq, inkişaf da var. Sadəcə bəzi hallarda vergi, kredit, inzibati prosedurlar baxımından təkminləşmələr olmalıdır, düşünürəm. İnanıram ki, bu məsələlər daha da peşakər səviyyəyə çatdıralacaq. Bir sahibkar olaraq, o nu da qeyd etmək istərdim ki, hər şeyi dövlətdən də gözləmək lazım deyil. Dövlətimizi  gücləndirmək üçün biz sahibkarlar iş görməliyik ki, sonra sahibkar olaraq      dövlətimizin gücündən istifadə edə bilək.

- Rəqabət mühitində fərqlənmək üçün hansı strategiyanı seçmisiniz?

- Keyfiyyət, keyfiyyət və yenə də keyfiyyət! Satdığın məhsulunun keyfiyyəti,    insanlara xidmət göstərən əməkdaşların keyfiyyəti və verdiyin sözün də keyfiyyəti    olmalıdır. Rəqabət mühitində fərqliliyi bunda görürəm. Bu günə kimi qazandığımız və hədəf qoyduğumuz daha böyük uğurların qazanılması üçün bu əsas prinsipi görürəm.   

- Yerli bazar sizə kifayət edir, yoxsa ixrac planlarınız da var?

- İxrac planlarım təbii ki, var və sahibkar olduğum üçün bu planlar olmalıdır da. Bu bir sahibkarlıq borcudur, çünki ixrac ölkəmizə də dəstəkdir. Sahibkar olaraq biz ölkəmizi xaricdə təmsil etməliyik keyfiyyətli xidmətimizlə və ya istehsalımızla. Mən və komandam bu barədə düşünürük, bu istiqamətdə işlər gedir.  

- Kadr məsələsi sizin üçün nə qədər aktualdır? Peşəkar işçi tapmaq çətindir, yoxsa saxlamaq?

- Gözəl sualdır. Peşakər işçi tapmaq və ya formalaşdırmaq asandır, fikrimcə. Bunun üçün müəyyən əmək sərf edirsiz və bu mümkün olur. Amma həmin peşakarı    saxlamaq çətindir. Hətta, biznesin tam qurulmasına qədər sahibkarın gəldiyi çətin    yol qədər çətindir. Peşakarı saxlamaq üçün rəhbərin, sahibkarın böyük təcrübəsi,    dürüst yanaşması və geniş ürəyi olmalıdır.  Rəhbər olduğum kollektivdə işçi sözü nadir hallarda işlənilir, əsasən yoldaşlıq və əməkdaşlıq mühiti şəraitində bir    komanda olaraq bütün işlərimiz uğurla görülür.

- Qadınlar biznesə hansı töhfəni verə bilər?

- Müsahibəmiz Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etdiyi üçün bu gözəl fürsətdən istifadə edib istərdim öncə bütün xanımlarımızı qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edim. Sualınıza gəldikdə, qadınlar biznesə daha çox nizam-intizam gətirə bilirlər və işlərini daha da sevərək görə bilirlər. Qadınlar yüksək səviyyədə empatiya, emosional zəka, detallara diqqət və işgüzar çeviklik gətirirlər ki, bu da kişilərdə bəzən çatışmır. Onlar komandalarının əhval-ruhiyyəsini daha yaxşı ələ keçirməkdə, vahid komandalar qurmaqda, müştəri xidməti və çoxtapşırıqlılıq tələb edən prosesləri effektiv idarə etməkdə daha yaxşıdırlar. Düşünürəm ki, qadın sahibkarların formalaşmasında biz - kişi sahibkarlarının köməyi və dəstəyi həmişə olmalıdır. Qadın sahibkarlara inanmaq lazımdır, onlara güvənmək lazımdır, çünki qadınların Azərbaycan iqtisadiyyatına, sahibkarlığına, müasir biznesə töhfəsi çoxdur və onlar daha böyük töhfələr verə bilərlər.

- Bugünkü iqtisadi şərtlərdə yeni biznesə başlamaq istəyən gənclərə nə tövsiyə edərdiniz? Risk etmək üçün indi doğru zamandırmı?

- Ağıllı risk üçün heç vaxt gec deyil! Gənclərə tövsiyəm ürəkli olsunlar və düşünərək addımlar atsınlar, amma çox düşünmək də lazım deyil. Sahibkarlıq həyatımda ağıllı risk həmişə etmişəm və təbii ki, uğurlarla yanaşı, müəyyən zərər və maliyyə itkilər də olub, amma əvəzində qiymətsiz olan təcrübəni qazanmışam. Gənclərimiz əgər hər hansı işi başlayıb və onu edə biləcəklərinə inanırlarsa, əsla dayanmasınlar.

Nihad Haqverdiyev  


Telegram kanalımız
Seçilən
115
yenisabah.az

1Mənbələr