AZ

İranın nankorluğu

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Pərvanə SULTANOVA[email protected]

İranın molla rejimi dünən Azərbaycan ərazisini hədəfə almaqla bir daha əsl mahiyyətini nümayiş etdirdi. Belə ki, bir dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. 4 nəfər yaralı var. Rəsmi Bakı bu hadisəyə sərt reaksiya verərək, İran səfirini XİN-ə çağırıb, İrana etiraz notası təqdim edib.

Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, İrana qarşı hərbi əməliyyatlarda öz ərazisindən istifadəyə heç bir halda icazə verməyəcək. Eyni zamanda, ABŞ-İsrail-İran münaqişəsinin sülh, dialoq yolu ilə həllinə çağırış edib. Ölkəmiz İranla münasibətdə hər zaman qonşuluq prinsiplərini, tarixi ənənələri üstün tutub. Prezident İlham Əliyev martın 4-də İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib.

Həmçinin xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığını bir daha bəyan edib.

İran rejimi isə öz addımları ilə nankor olduğunu, Azərbaycana qarşı illərdir davam etdirdiyi düşmənçilik siyasətindən əl çəkmədiyini bir daha göstərmiş oldu. Hansı ki, 44 günlük Vətən müharibəsində, ondan sonrakı günlərdə buna hər kəs şahid oldu. İran Ermənistanın yanında yer alaraq, işğalçı tərəfə hər cür dəstək və yardım göstərdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini heç cür həzm edə bilmirdi.

Molla rejimi illərdir ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qənim kəsilib, onları bütün hüquqlardan məhrim edib, daim təzyiq altında saxlayıb, azərbaycanlı fəallar təqib olunub, cəzalandırılır. Baş verənlər onu göstərir ki, özünü müsəlman, islam dövləti adlandıran İranın əslində müsəlmançılıqdan, islamdan xəbəri yoxdur. Bir gün əvvəl Türkiyəni, ardınca Azərbaycanı hədəf seçən rejimin məqsədi bütün regionu qana batırmaq, müharibəyə cəlb etməkdir. Bu, bir daha onu göstərir ki, İran rejiminin terrorçu mahiyyətinin dəyişməsi mümkün deyil. Rəsmi Bakının bəyan etdiyi kimi, İranın bu addımı cavabsız qalmayacaq.

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycan hər zaman bütün qonşu dövlətlərlə bərabərhüquqlu dostluq və əməkdaşlıq münasibətlərində maraqlı olub. İran da bu məsələdə istisna deyil: "Baxmayaraq ki, İrandakı mövcud rejim 30 il ərzində Azərbaycan torpaqları işğal altında olduğu dövrdə ölkəmizə qarşı düşmən mövqeyi sərgiləyib, işğalçı Ermənistana dəstək olub. İşğal müddətində 65 məscid, dini abidələrimiz dağıdılıb, təhqir edilib, buna rəğmən özünü islam dövləti adlandıran bu rejim faktiki olaraq islam dininə qənim kəsilib. İslam dininə qənim kəsilənlərə dəstək verib, bununla da islam dininə xidmət etmədiyini bir daha nümayiş etdirib. İndi də bu riyakar addımı atmaqla təbii ki, növbəti dəfə öz iç üzünü göstərdi. Biz mütəmadi olaraq cənublu soydaşlarımızın hüquqlarının pozulması ilə bağlı məsələləri gündəmə gətirməyə çalışmışıq, ancaq eyni zamanda da İranla normal münasibətlərin formalaşmasında maraqlı olduğumuzu qeyd etmişik. Təəssüflər olsun ki, qarşı tərəfdən illər boyu sərgilənmiş düşmən mövqeyi bu gün növbəti dəfə öz təsdiqini tapmış oldu".

Deputat söyləyib ki, Azərbaycanın Naxçıvan ərazisinə alçaqcasına hücum edilib, bu, heç bir halda cavabsız qala bilməz: "Bu, əslində molla rejiminin sonu, süqutu deməkdir. Sonları yaxınlaşdıqca bir qədər də aqoniya vəziyyətinə düşürlər. Azərbaycanın sərgilədiyi mövqeyə baxmayaraq, belə riyakar mövqe təbii ki, bizim də adekvat addımlar atmağımızı özündə ehtiva edir. Hesab edirəm ki, cənubda yaşayan soydaşlarımız da bu məsələlərə biganə qalmayacaqlar. Orda yaşayan soydaşlarımızın haqqı, hüququ bərpa edilməklə İranda yeni bir dönəmin başlayacağını proqnozlaşdırıram və bu, mütləq mənada olmalıdır. Çünki bu cür riyakar qonşularla yanaşı yaşamaq bütövlükdə region üçün böyük təhlükədir, Azərbaycan üçün də böyük təhlükədir. Bu rejim tezliklə getməlidir. İranda normal bir dövlət quruculuğu həyata keçirilməlidir ki, orda yaşayan soydaşlarımız da öz dövlətçilik ənənələrini bərpa etmiş olsunlar".

A.Əlizadə hesab edir ki, İranın Azərbaycana, Türkiyəyə qarşı sərgilədiyi mövqe heç də təsadüfi deyil: "Bunlar bilərəkdən atılan addımlardır. Söhbət həm Türkiyəyə raket atılmasından, həm Azərbaycan ərazisinin dronla vurulmasından gedir. Bu təxribatlar birmənalı olaraq əvvəlcədən planlaşdırılıb. Onlar müharibənin bütövlükdə regionu əhatə etməsini istəyirlər. Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd etdi ki, İran özü ilə bərabər bütün regionu bataqlığa sürümək istəyir. Təbii ki, bununla bağlı kifayət qədər məlumat var, ona görə də nazir məsələyə bu formada münasibət bildirdi. Yəni molla rejimi Azərbaycanı da, Türkiyəni də, digər region dövlətlərini də prosesə qoşaraq müharibənin coğrafiyasını genişləndirməklə özünün mövcudluğunu hansısa formada qoruyub saxlamağı hədəfləyir. Bu da mümkün olan məsələ deyil. Onsuz da region ölkələrinə qeyri-dost münasibət sərgilənirdi. İran bütün qonşularına düşmən münasibəti bəsləyib. Müharibə başlayandan Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Küveyt vurulur, baxmayaraq ki, müharibə ABŞ və İsraillə aparılır, vurulan ölkələr sıralamasında İsrail 5-ci yerdədir. Daha çox region və qonşu ölkələr hədəfə alınır. Bir gün əvvəl Türkiyənin, ardınca Azərbaycanın hədəfə alınması bir daha onu deməyə əsas verir ki, İranın mövcud molla rejimi aqoniyadadır, bütövlükdə müharibənin arealını genişləndirməklə özünün mövcudluğunu hansısa formada qoruyub saxlamağı hədəfləyir. Amma bu, mümkün deyil. Bu, əslində molla rejiminin daha tez süquta uğrayacağını deməyə əsas verən  ciddi amildir".

Politoloq Şəbnəm Həsənova isə "525"ə deyib ki, Azərbaycan illər ərzində dəfələrlə və açıq şəkildə bildirib ki, öz ərazisindən İrana qarşı hücum məqsədi ilə istifadəyə icazə verməyəcək. Müharibə başlayan kimi Azərbaycan öz ərazisindən müxtəlif dövlətlərin vətəndaşlarının təhlükəsiz keçidini təmin etdi. Prezident İlham Əliyev İrana başsağlığı verdi".

O bildirib ki, müharibə başlar-başlamaz, biz yenə eyni yanaşmanı ortaya qoyduq ki, heç bir halda ərazimizdən İrana qarşı hücum olmayacaq: "Habelə, hava məkanımızı ABŞ və İsrail üçün bağlamışıq. Lakin bu gün İranın atdığı addımlar göstərir ki, o, müharibənin ərazisini genişləndirməyə çalışır, bununla da Azərbaycanı da proseslərə qoşmaq istəyir. Bu, son dərəcə səhv bir addımdır.

Dövlət başçımız dəfələrlə bildirib ki, hər bir dövlət sərhədləri boyu təhlükəsizlik haqqında düşünməli və bu istiqamətdə qərarlar alarkən ciddi şəkildə götür-qoy edib, düşünülmüş addımlar atmalıdır. İranın Naxçıvana dron zərbəsi endirməsi yanlış bir addımdır. Bu, proseslərə Azərbaycanı da qatmaq cəhdidir və bütövlükdə Azərbaycana arxadan vurulan zərbədir. İran nankorluq etdi. Müharibədə bu və ya digər proseslər ola bilər, lakin alınan qərarlar və xüsusilə də endirilən zərbələr zamanı heç bir halda bu kimi hücumlara, xüsusilə də Azərbaycanın sərgiləmiş olduğu yanaşma, atdığı addımlar müqabilində belə hücumlara yer yoxdur".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
525.az

1Mənbələr