BAKI, 6 mart. TELEQRAF
Rumıniya Prezidenti Nikuşor Dan ölkə ərazisində orta müddətli perspektivdə nüvə silahının yerləşdirilməsinin mümkün olmadığını bildirib.
Teleqraf xəbər verir ki, Varşavada keçirilən mətbuat konfransında çıxış edən Dan qeyd edib ki, Rumıniya NATO-ya qoşulduqdan sonra alyansın ABŞ tərəfindən təmin edilən nüvə “çətiri” ilə qorunur.
Onun sözlərinə görə, NATO-nun nüvə müdafiəsi Rumıniya ərazisində nüvə silahlarının yerləşdirilməsi demək deyil.
“Rumıniya NATO-ya qoşulduğu andan etibarən ABŞ tərəfindən təmin edilən nüvə çətiri ilə qorunur. Bu müdafiə ölkə ərazisində nüvə komponentlərinin yerləşdirilməsini nəzərdə tutmur. Orta müddətli perspektivdə Rumıniya ərazisində nüvə elementlərinin yerləşdirilməsi məsələsi gündəmdə deyil”, - deyə Dan bildirib.
Prezident əlavə edib ki, Rumıniyada fransız hərbçiləri yerləşir və Buxarest buna görə Parisə minnətdardır.
Bundan əvvəl "Reuters" agentliyi Rumıniyanın xarici işlər naziri Oana Tsoyun sözlərinə istinadən ölkənin Fransanın genişləndirilmiş nüvə çəkindirmə mexanizmi ilə bağlı danışıqlara dəvət edildiyini yazmışdı.