AZ

"Bu, bizə ciddi çətinliklər yarada bilər" - Yığmanın baş məşqçisi

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Belçika ilə ilk matçı çətin keçəcək.

Sportinfo.az xəbər verir ki,bunu "report"a açıqlamasında yığmanın baş məşqçisi Nərgiz Qurbanova bildirib.

O, hazırlıq prosesi və qarşıdakı oyunlar barədə danışıb:

"Sloveniyada təşkil olunacaq seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə bu gündən təlim-məşq toplanışına başlamışıq. Hazırlıq prosesi martın 10-na qədər davam edəcək və daha sonra Sloveniyaya yollanacağıq. İlk oyunumuz martın 12-də Belçikaya qarşı olacaq. Ayın 15-də ev sahibi, 3 gün sonra isə Farer adaları ilə qarşılaşacağıq. Hər üç matç bizim üçün çox vacib və əhəmiyyətlidir. Qrupu dəyərləndirsək, Belçika ilə ilk matçın çətin keçəcəyini düşünürəm. Çünki rəqib illərlə A Liqasında çıxış edib və uzun müddətdən sonra ilk dəfə B Liqasına düşüb. Sloveniya və Farer adalarının da heyətində kifayət qədər yaxşı futbolçular var".

Mütəxəssis heyətlə bağlı narahatlığını ifadə edib:

"Təəssüf ki, iki futbolçumuz zədə səbəbindən toplanışa dəvət olunmayıb. Həmçinin əsas heyətdə çıxış edən beş oyunçunun aktivində sarı vərəqə var. Belçika ilə görüşdə yenidən sarı vərəqə alsalar, növbəti oyunu buraxmalı olacaqlar ki, bu da bizə ciddi çətinliklər yarada bilər".

B Liqasının 3-cü qrupunda yer alan U-17 martın 12-də Belçika, 15-də Sloveniya, 18-də isə Farer adaları ilə qarşılaşacaq. Görüşlər Sloveniyada baş tutacaq.

Seçilən
77
sportinfo.az

1Mənbələr