AZ

"Elçe xanımı": Nəhayət həqiqi olduğu sübut edildi

Alimlər İspaniyanın ən heyrətamiz xəzinələrindən biri hesab olunan 2400 illik "Elçe xanımı" büstünün həqiqiliyini qəti şəkildə təsdiqləyiblər.

Hit.az xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, XIX əsrin sonlarında aşkar edilmiş bu nadir tapıntı həddindən artıq “müasir” və detallı görünüşünə görə uzun müddət tədqiqatçıları çaşdırıb.

Heykəlin yenidən elmi diqqət mərkəzinə qayıtması 1897-ci ilin yayına təsadüf edir. Elçe şəhərindən olan adi bir fermer sahə işləri zamanı 65 kiloqramlıq artefakt aşkar edib. İcra ustalığı o qədər təsirli olub ki, fransız arxeoloq Pyer Pari tapıntını dərhal Luvr muzeyi üçün satın alıb. Yalnız II Dünya müharibəsi illərində heykəl vətəninə qaytarılıb və hazırda İspaniyanın Milli Arxeologiya Muzeyində nümayiş etdirilir.

Uzun illər büst ətrafında mübahisələr səngiməyib. Sənətşünas Con F. Moffitt 1995-ci ildə nəşr olunan kitabında onun XIX əsrdə hazırlanmış ustalıqla düzəldilmiş saxta ola biləcəyini irəli sürmüşdü. Lakin "Materials and Structures" elmi jurnalında dərc edilən müasir kimyəvi analizlər bu iddiaları təkzib edib.

Ekspertlər müəyyən ediblər ki, heykəlin dodaqlarında və geyimində istifadə olunan piqmentlər antik dövrə aiddir, fiqurun arxa hissəsindəki boşluqda tapılan kül qalıqları isə qədim kremasiya mərasiminin izləridir. Ehtimal olunur ki, büst yandırılmadan sonra insan külünün saxlanılması üçün qiymətli “seyf” rolunu oynayıb.

"Elçe xanımı"nın xarici görünüşü bu gün də diqqət çəkir: qulaqlarının yanında iri disklər, mürəkkəb tiara və amuletlərlə bəzədilmiş üç sıra iri boyunbağı. Alimlər onun kahinə və ya qədim Karfagenin baş ilahəsi Tanitin təcəssümü ola biləcəyini istisna etmirlər.

Samir

Seçilən
8
50
hit.az

10Mənbələr