İsrail ordusu Livanın paytaxtı yaxınlığında Hizbullahın yüksək rütbəli komandirlərindən birinin zərərsizləşdirildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı rəsmi məlumatda bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri hərbi kəşfiyyat idarəsi “Aman”ın rəhbərliyi ilə Beyrut bölgəsində dəqiq aviazərbə həyata keçirib.
Məlumata görə, hücum nəticəsində Hizbullahın atəş gücünün idarə edilməsinə məsul olan və Cənubi Livandakı artilleriya bölmələrinin komandiri kimi fəaliyyət göstərən Zeyd Əli Camea məhv edilib.
İsrail tərəfi iddia edir ki, Camea Hizbullahın İsrail ərazisinə qarşı həyata keçirilən artilleriya hücumlarının planlaşdırılması və koordinasiyasında əsas fiqurlardan biri olub.
Ordunun açıqlamasında qeyd olunur ki, əməliyyat hərbi kəşfiyyatın əldə etdiyi dəqiq məlumatlar əsasında planlaşdırılıb və zərbə zamanı yalnız konkret hədəf vurulub.
Musavat.com