AZ

Sxadadze hakim qərarlarından narazı qalıb: “Araşdırılmalıdır” – ARENA.AZ

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Kubokunun 1/4 finalında “Sabah”a qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, ilk oyundan qolsuz ayrılmış komandaların cavab görüşündə qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib – 3:3.

Penaltilər seriyasına 2:4 hesabıyla uduzmuş “Qəbələ” yekunda kubokla vidalaşıb. Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox maraqlı oyun oldu. Çoxlu qol epizodları və qollar oldu. “Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Futbolçularım xarakter və oyun olaraq əllərindən gələni etdilər. Çempionatda bu cür oyunlara ehtiyacımız var. Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıdakı çempionat oyununda da “Sabah”la qarşılaşacağıq. Növbəti oyuna hazırlaşacağıq.

Düzünü desəm, penaltilər seriyasında qələbə qazanacağımızı düşünürdüm. Son iki çempionat oyununu nəzərə alsaq, bu oyunda belə nəticə gözləmirdim. Penaltilər psixoloji məsələdir. Murad Musayev həmişə fərqli küncə vurur, bu dəfə alınmadı. Mən özüm də onun vurduğu penaltiyə təəccübləndim. Məşqlərdə etdiklərini psixoloji səbəbdən bu gün icra edə bilmədilər. Biz futbolçulardan öncədən soruşuruq ki, kim penaltini vurmaq istəyir.

Ba Lua bizim üçün çox vacib oyunçudur. Əlbəttə, qış toplanışında bizimlə birlikdə olsaydı, daha hazır olardı. Qırmızı vərəqəyə gəldikdə isə, epizodu AFFA özü aydınlaşdırmalıdır. Mənə elə gəlir ki, oyun epizodundan öncə qayda pozuntusu vardı. Araşdırılmasını istərdim. Hakimlərin yanaşması fərqli ola bilər. Onsuz da geriyə dönən deyilik. Daha bir məqamda Akinadenin üzünə zərbə oldu. Şəxsi düşüncəmə görə, həmin epizodda qırmızı vərəqə var idi. Bu da araşdırılmalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
22
7
arena.az

10Mənbələr