AZ

Bank kartları bu halda bloklanır

Bəzi hallarda vətəndaşın bank kartına yüksək məbləğdə (məsələn, bir neçə min manat) vəsait daxil olduqda bank tərəfindən kartın müvəqqəti bloklanması və həmin vəsaitin mənbəyinin təsdiqlənməsinin tələb olunması halları müşahidə edilir. Bəs banklar bu addımı hansı səbəblərlə atır və tətbiq olunan mexanizm nə dərəcədə doğrudur?Bank məsələləri üzrə ekspert Emin Kərimov Metbuat.az-a açıqlamasında bildirib ki, bu hallar “Əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında” qanunun tələbləri əsasında həyata keçirilir: “20 min manatdan yuxarı məbləğdə köçürmələr zamanı, yəni müəyyən həddi keçən əməliyyatlar üzrə həmin vəsaitin yaranma mənbəyini təsdiqləyən sənədlər və köçürmə ilə bağlı sənədlər adətən banklar tərəfindən tələb olunur. Həm Azərbaycan Respublikasının Mərkəzi Bankı, həm də Maliyyə Monitorinqi Xidməti tərəfindən bu məsələ xüsusi nəzarətdə saxlanılır”. E.Kərimov qeyd edib ki, bu qanun təkcə banklara deyil, həm də bank olmayan kredit təşkilatlarına (BOKT), ödəniş təşkilatlarına, elektron pul təşkilatlarına, eyni zamanda notariuslara, rieltorlara və hətta vəkillərə də şamil olunur: “Yəni bu qurum və şəxslər qanunvericiliyə görə “məsul şəxslər” hesab olunurlar. Buna görə də onlar mütləq qaydada qanunun tələblərinə uyğun hərəkət etməlidirlər. Xüsusilə böyük məbləğli, məsələn, 100 min manatdan və ya daha yuxarı olan əməliyyatlar zamanı vəsaitin mənbəyi mütləq müəyyənləşdirilməli və araşdırılmalıdır. Yəni bankların qanunvericiliyə uyğun olaraq müştəridən - həm hüquqi, həm də fiziki şəxslərdən bu vəsaitləri təsdiq edən sənədləri tələb etmək səlahiyyəti var”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
67
metbuat.az

1Mənbələr