ABŞ prezidenti Donald Trump İranın gələcək siyasi rəhbərliyinin müəyyənləşdirilməsi prosesində şəxsən iştirak etməsinin zəruri olduğunu bildirib.
"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ-ın tanınmış media qurumu Axios məlumat yayıb.
Tramp administrasiyası İranda baş verən son hadisələri və ölkədə formalaşan yeni siyasi vəziyyəti nəzərə alaraq gələcək liderin kim olacağı məsələsinə birbaşa təsir göstərməyin vacib olduğunu düşünür. ABŞ prezidentinin sözlərinə görə, İranın gələcək rəhbərliyinin seçilməsi yalnız bu ölkənin daxili siyasi prosesi kimi qiymətləndirilə bilməz və bu məsələ regionun təhlükəsizliyi ilə yanaşı qlobal geosiyasi balans üçün də ciddi əhəmiyyət daşıyır.
ABŞ mediasının yazdığına görə, Vaşinqton İranın gələcək siyasi kursunun hansı istiqamətdə formalaşacağını diqqətlə izləyir və bu prosesin nəticələrinin Yaxın Şərqdəki güc balansına ciddi təsir göstərə biləcəyini hesab edir. Trampın yaxın çevrəsindəki mənbələr bildirirlər ki, İranın gələcək liderinin kim olacağı ölkənin nüvə proqramının taleyi, regiondakı hərbi-siyasi gərginliyin səviyyəsi və ABŞ-la münasibətlərin istiqaməti baxımından həlledici rol oynayacaq.
Axios-un məlumatına görə, ABŞ-da İranın gələcək siyasi sistemi ilə bağlı bir neçə ssenari müzakirə olunur. Bu ssenarilər arasında daha praqmatik və islahatçı xəttin hakimiyyətə gəlməsi, sərt mövqeli qüvvələrin idarəçiliyi ələ alması və ya ölkədə müəyyən keçid dövrü hakimiyyət modelinin formalaşması variantları yer alır. Vaşinqton isə hesab edir ki, İranın yeni rəhbərliyi regionda sabitlik və təhlükəsizlik məsələlərinə birbaşa təsir göstərə bilər.(musavat.com)