Modern.az saytına istinadən ain.az xəbər verir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən mülki obyektlərə – Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, eləcə də Şəkərabad kəndində məktəb binasının yaxınlığına pilotsuz uçuş aparatı vasitəsilə zərbələr endirilməsi ciddi narahatlıq və qəti etiraz doğuran hadisədir.
Dinc əhalinin istifadə etdiyi strateji mülki infrastrukturların hədəfə alınması yalnız ikitərəfli münasibətlər kontekstində deyil, ümumilikdə regionun təhlükəsizliyi və sabitliyi baxımından qəbuledilməzdir.
Bu cür hərəkətlər dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipini təsbit edən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə hücumun həyata keçirildiyi tərəfin üzərinə düşür. Qısa müddət ərzində hadisəyə dair aydın və əsaslandırılmış izahat verilməli, oxşar halların təkrarlanmaması üçün təxirəsalınmaz və effektiv tədbirlər görülməlidir.
Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikası hər zaman qonşuluq münasibətlərində qarşılıqlı hörmət, humanizm və səmimiyyət prinsiplərinə sadiq qalmışdır.
İran İslam Respublikasının Ali Liderinin vəfatı ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyev dərhal rəsmi başsağlığı ünvanlamış, İran xalqının kədərini bölüşmüşdür. Dövlət başçısının İranın ölkəmizdəki səfirliyini ziyarət edərək başsağlığı verməsi Azərbaycanın münasibətlərdə etik davranışa, siyasi mədəniyyətə və insani həmrəyliyə üstünlük verdiyini bir daha nümayiş etdirmişdir.
Belə bir humanitar və konstruktiv mövqe fonunda Naxçıvan ərazisində mülki obyektlərin hədəfə alınması xüsusilə təəssüf doğurur və formalaşmış etimad mühitinə ciddi zərbə kimi qiymətləndirilməlidir. Bu cür addımlar regional sabitliyə xidmət etmir, əksinə, gərginliyin artmasına və qarşılıqlı inamın sarsılmasına səbəb olur.
Azərbaycan Respublikası öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atmaq hüququnu özündə saxlayır. Dövlətimizin təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdid adekvat hüquqi və siyasi qiymətini alacaq və cavabsız qalmayacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.