AZ

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Bəyanatı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası istiqamətində İran İslam Respublikası tərəfindən həyata keçirilən dron hücumunu qətiyyətlə pisləyir, bu hadisəni suverenliyimizə qəsd və açıq təxribat aktı kimi qiymətləndiririk.


Bu cür hərəkətlər regionda sabitliyi və təhlükəsizliyi pozmağa yönəlmiş məsuliyyətsiz addımdır. Azərbaycan xalqı tarix boyu bu cür təhdidlər qarşısında sınmamış, əksinə daha da möhkəmlənərək dövlətinin və torpaqlarının müdafiəsi üçün bir yumruq kimi birləşmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sıralarında birləşən minlərlə döyüşçü – həm Birinci Qarabağ müharibəsinin, həm də 44 günlük Vətən müharibəsinin iştirakçıları – bəyan edir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən dövlətimizin təhlükəsizliyi və milli maraqları naminə qəbul edilən bütün qərarları qətiyyətlə və birmənalı şəkildə dəstəkləyirik.


Biz, Vətən uğrunda döyüş meydanlarında sınaqdan çıxmış veteranlar, bir daha bildiririk ki, Ali Baş Komandanın hər bir əmri bizim üçün əmrdir. Dövlətimizin suverenliyi, ərazi bütövlüyü və xalqımızın təhlükəsizliyi naminə, yenidən səfərbər olmağa və Azərbaycanın müdafiəsi üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduğumuzu bəyan edirik.
Heç bir təhdid, heç bir təxribat Azərbaycan xalqının iradəsini sarsıda bilməz. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşərək dövlətimizin təhlükəsizliyinə qarşı yönələn bütün cəhdlərin qarşısını qətiyyətlə alacaqdır.

 


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat xidməti

Seçilən
3
1
qht.az

3Mənbələr