AZ

Sumqayıtda balaca idmançıların böyük mübarizəsi: aquatlon üzrə açıq çempionat keçirildi

1 mart 2026-cı il tarixində Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə Aquatlon idman növü üzrə Sumqayıt şəhər açıq çempionatı keçirilib.

Publika.az xəbər verir ki, yarışda elit yaş kateqoriyası ilə bərabər 7 yaş kateqoriyasında olan idmançılar da iştirak ediblər.

Suyun içindən qaçış zolağına uzanan bu maraqlı yarışda iştirakçılar Aquatlonun iki əsas mərhələsi – üzgüçülük və qaçış üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarış boyu tribunalarda valideynlərin alqışları, meydanda isə idmançıların qələbə əzmi hiss olunub.

Çempionatın əsas məqsədi uşaqlar və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və gələcəyin triatlon idmançılarının yetişdirilməsinə töhfə vermək idi. Balaca iştirakçılar isə göstərdilər ki, böyük qələbələrin yolu məhz belə kiçik, amma cəsarətli addımlardan başlayır.

Yarışın sonunda fərqlənən idmançılar diplom və medallarla təltif olunublar. Həmin gün meydanda yalnız qaliblər deyil, bütün iştirakçılar qazanıb, çünki onlar idman, iradə və özünəinamın vacib dərsini alıblar.

Seçilən
13
publika.az

1Mənbələr