ABŞ-la İsrailin İrana hücumundan sonra Yaxın Şərqdə gərginliyin artması nüvə silahları ilə bağlı qlobal müzakirələri yenidən gündəmə gətirib. Müharibə fonunda dünya ictimaiyyəti nüvə silahına malik dövlətlər və bu silahların yayılması riski barədə yenidən düşünməyə başlayıb.
Beynəlxalq hüquqa görə, nüvə silahına malik rəsmi dövlətlər 1970-ci ildə qüvvəyə minmiş Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NPT) çərçivəsində tanınır. Bu müqaviləni 190-dan çox ölkə imzalayıb və onun əsas məqsədi nüvə silahlarının yayılmasının qarşısını almaqdır. Bu müqavilə çərçivəsində rəsmi olaraq nüvə dövlətləri kimi tanınan ölkələr bunlardır: ABŞ, Rusiya, Birləşmiş Krallıq, Fransa, Çin. Bu ölkələr müqavilə qəbul edilən zaman artıq nüvə silahına malik idilər və sənəd onların statusunu rəsmiləşdirdi.
Rəsmi nüvə dövlətlərindən başqa, nüvə silahına sahib olduğu qəbul edilən və ya ehtimal edilən digər ölkələr də var. Bu sırada Hindistan, Pakistan, Şimali Koreya və İsrail var. Hindistan, Pakistan, Şimali Koreya nüvə silahına sahib olmalarını təsdiqləsələr də, İsrail rəsmi olaraq təsdiqləmir. Şimali Koreya isə əvvəlcə NPT-ni imzalasa da, 2003-cü ildə müqavilədən çıxdığını elan edib. Ekspertlərin hesablamalarına görə, hazırda dünyada təxminən 12 mindən çox nüvə döyüş başlığı mövcuddur. Onların təxminən 90 faizi iki ölkənin - ABŞ və Rusiya arsenalına məxsusdur.
Bu isə qlobal nüvə balansının əsasən bu iki dövlətin əlində cəmləşdiyini göstərir. Nüvə silahı – uran və ya plutonium kimi ağır elementlərin nüvə parçalanması nəticəsində yaranan enerjidən istifadə edən son dərəcə dağıdıcı silahdır. Bu silah ilk dəfə İkinci Dünya müharibəsi zamanı tətbiq edilib və Xirosima ilə Naqasaki şəhərlərinə atılan atom bombaları on minlərlə insanın həyatına son qoyub. Yaxın Şərqdə İsrail və İran arasında baş verən son qarşıdurma bir daha göstərdi ki, nüvə texnologiyası ilə bağlı hər bir regional gərginlik qlobal təhlükəsizlik üçün ciddi risk yaradır. Çünki nüvə silahının tətbiqi ehtimalı yalnız regionu deyil, bütün dünyanı fəlakətli nəticələrlə üz-üzə qoya bilər.
E.Məmmədəliyev,
Musavat.com