AZ

"İranda baş verən hadisələr Azərbaycan bazarına ciddi təsir etməyəcək" -AÇIQLAMA

"Azərbaycanla İran arasındakı ticarət dövriyyəsi 2025-ci ildə 644 milyon dollar təşkil edib. Bunun 624 milyon dolları İrandan idxalın payına düşür. Bu isə o deməkdir ki, Azərbaycan-İran ticarət dövriyyəsinin təxminən 97 faizi məhz idxal üzərində qurulub".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirdi.

"İrandan idxalın strukturuna diqqət yetirdikdə görürük ki, burada bir sıra ərzaq məhsulları ilə yanaşı, inşaat materialları da üstünlük təşkil edir. Daha çox ağırlıq məhz tikintidə istifadə olunan materialların payına düşür. Bununla yanaşı, ərzaq məhsulları da müəyyən paya malikdir. İranda baş verən son hadisələrin Azərbaycanın istehlak bazarının dayanıqlığına ciddi təsir göstərməsi gözlənilmir. Çünki Azərbaycanın ümumi ticarət dövriyyəsinin cəmi 1,3 faizi, idxalının isə 2,6 faizi İranın payına düşür. Yəni İranın Azərbaycanın ümumi ticarət dövriyyəsində və idxalında payı yüksək deyil. Bununla belə, bəzi məhsullar İrandan idxal olunur və həmin məhsulların bir qisminə İran tərəfindən artıq qadağa tətbiq edilib", - deyə o qeyd etdi.

Müsahibimiz əlavə etdi ki, xüsusilə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə alternativ bazarların tapılması vacibdir:

"Bu baxımdan, qardaş Türkiyə başda olmaqla digər ölkələrdən həmin məhsulların qısa müddətdə idxalının təşkili mühüm əhəmiyyət kəsb edir. Belə bir addım bazarda, xüsusilə də spesifik İran məhsulları üzrə yarana biləcək boşluğun qarşısını ala bilər. Hazırda ehtiyatlarda müəyyən miqdarda məhsul mövcuddur. Qiymətlərin dəyişməsi isə birbaşa olaraq müharibənin və tətbiq olunan qadağaların nə qədər davam etməsindən asılı olacaq. Nəticə etibarilə idxalın əvəzlənməsi bu kontekstdə olduqca vacibdir. Əgər müharibə uzun müddət davam edər və coğrafiyası genişlənərsə, bu, İrandan idxal edilən bəzi məhsulların təklifinin azalmasına və nəticədə qiymətlərin artmasına səbəb ola bilər".

Xədicə BAXIŞLI

Seçilən
105
1
redaktor.az

2Mənbələr